28 fevral 2026 12:21
110

Milli ləyaqətin simvolu

Tarixin irəliləyən dövrlərində daim azərbaycanlılara qarşı amansız və məqsədli siyasət aparan erməni daşnaqları törətdikləri terror, soyqırım hadisələri ilə barbar olduqlarını bütün dünyaya göstəriblər. XX əsrin ən dəhşətli soyqırım hadisəsi olan Xocalı soyqırımı da məqsədli şəkildə həyata keçirilən siyasətin tərkib hissəsi idi. Ermənilər hadisənin hələ daha öncəsindən öz hazırlıqlaırnı həyata keçirərək rus ordusunun 366-cı motoatıcı alayı ilə bu mənfur addımı ataraq Xocalını viran qoydu. Xocalı sakinlərinə olmazın əziyyətlər verildi. Gühansız körpələr öldürüldü. Yaşlı vətəndaşlarımızın gözü qarşısında övladları güllələndi...

Uzun müddət Azərbaycanın xarici siyasətində Xocalı harayının təbliğatı istiqamətində davamlı addımlar atıldı. Beynəlxalq tribunalarda, Azərbaycanın söz haqqı olduğu arenalarda Xocalıda baş verənlər dünya ictimayyətinə çatdırıldı və nəticədə dünyanın bir sıra ölkələri Xocalı soyqırımını tanıdı. Proses bu gün də davam edir. Fərqli formada. Çünki artıq Xocalı azaddır və Xocalı sakinləri öz doğma yurd-yuvalarında yaşamağa başlayıb. Həyata keçirilən dövlət proqramları çərçivəsində yaxın vaxtlarda Xocalı daha da müasir və yeni tarixi səhifədə öz tarixi missiyasını yerinə yetirəcək. 

Ötən gün dövlət başçısı və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Xocalıda Memorial Kompleksin açılışı oldu. Bu Kompleksin açılışı bir neçə faktoru özündə birləşdirir. 

Birincisi belə bir tarixi abidənin ərsəyə gəlməsi Azərbaycan xalqının öz tarixi keçmişinə verdiyi dəyərin göstəricisidir. Yetişməkdə olan gənc nəsil bir müddətə qədər Xocalı haqqında məlumatları rəsmi sənədlər, şahidlərin dilindən eşidirdilərsə indi artıq bu tarixi abidə ilə tanış olub orada baş verənlər haqqında ətraflı və dolğun məlumatlar ala biləcəklər. 

Dövlət başçısı açılış zamanı etdiyi çıxışda bir sıra məqamlara toxundu: "Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır". 

Dövlət başçısı bu məqama belə diqqət yönəldib: "Mən hələ Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz azərbaycanlıyıq, biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı". 

Son olaraq onu da qeyd edək ki, Xocalıda açılışı olan Kompleks milli ləyaqətin, sarsılmaz birliyin və "dəmir yumruq"la qorunan əbədi sülhün rəmzidir. 

Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı