11 mart 2026 09:31
167

Dayanıqlı inkişaf modelini təkmilləşdirmək əsas hədəflərdəndir - TƏHLİL

Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında» Sərəncamı bu məqsədə xidmət edir

Bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən  “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki,  rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. 

Təbii ki, bu çağırış Azərbaycanın hər dövrün tələblərini real addımları ilə təsdiqləməsindən, uğurlu nəticələrə imza atmasından irəli gəlir.  Ölkəmizdə dayanıqlı iqtisadi inkişaf qeyri-neft sektorunun diversifikasiyası, rəqəmsallaşma, yaşıl enerji keçidi və özəl sektorun təşviqi ilə təmin edilir. Əsas hədəflər «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində ixrac potensialını artırmaq, regionların inkişafı və insan kapitalını gücləndirməklə neftdən asılılığı azaltmaqdır.   Azərbaycan 2003-cü ildən  iqtisadi sahədə şaxələndirmə yolunu seçib. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra əsas çağrışlarından biri bu oldu ki, neft kapitalını insan kapitalına çevirməliyik. İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu məqsədə nail olmaq üçün regionların malik  olduqları potensialdan səmərəli istifadənin vacibliyi prioritet məsələ kimi qarşıya qoyuldu.  Son 22 ildən artıq dövrün mühüm reallıqlarından biri budur ki, neftdən asılılıq aşağı salınır, qeyri-neft sektoru inkişaf etdirilir. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamtəində atılan addımlaran uğurlu nəticələri bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Bölgələrin malik olduğu potensialdan səmərəli istifadənin təmin etmək üçün Regional inkişaf proqramları icra edildi. Bu gün bölgələrimiz müasir tələblər səviyyəsində yenidən qurulur, yol infrastrtukturu təkmilləşdirilir, mühüm infrastruktur layihələri icra edilir. Cənab İlham Əliyevin çağırışlarında bu məqam da xüsusi vurğulanır ki, ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz.

Təbii ki,  bugunkü reallıqlarımıza yol açan, ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirən mühüm faktor Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini şərtləndirən enerji layihələrinin uğurlu icrası dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır. Hər bir ölkənin inkişafında iqtisadi amil əsas yer tutur.   Cənab İlham Əliyev  2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində bildirmişdi ki,  hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb: «Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcəkdir. Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə bu istiqamət də Azərbaycan üçün lazımdır.»

Neft strategiyasının uğurları hazırda  Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında özünün aydın ifadəsini tapır. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. Yeni neft strategiyasının müəllifi, Ümummilli Lider  Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini belə qeyd etmişdir ki, biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan  ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 350 milyard dollardan artıqdır ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Həm yerli, həm də xarici investisiyalar Azərbaycanda qanunlarla yüksək səviyyədə qorunur, bu da ölkənin iqtisadi inkişafını təmin edən əsas amillərdən biridir.

Qeyri-neft sektorunun inkişafında yol infrastrukturunin, nəqliyyat sisteminin təkmilləşdirilməsi əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev ötən ilin yanvarında  nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu reallıqları diqqət çatdırmışdır ki, biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər  bu işlər görülməsəydi, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Onu da qeyd edək ki, dövlətimizin başçısı  İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı» təsdiqləndi. Yeni sənəd nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə, yenilənməsinə yol açacaq ki, bu da öz növbəsində dayanıqlı inkişafın təmin edilməsini şərtləndirəcək.

İqtisadiyyatın inkişafında üç mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident Fərman və sərəncamları imzalanır. Bu sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə ölkə Prezidenti İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur.  Əsas məqsəd budur ki, ölkənin hərtərəfli inkişafı təmin olunsun, ən əsası insanların sosial rifah halı daha da yaxşılaşdırılsın. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələrin gündəmə gətirilməsini şərtləndirir. 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Ümummilli Lider Heydər Əliyevin «Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» tezisinin davamı olaraq cənab İlham Əliyev «Əsrin müqaviləsi»nin Azərbaycana qazandırdığı uğurların fonunda bildirir ki, neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olundu: «Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə,  bundan söhbət gedə bilməzdi… Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir.»

Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi Azərbaycanın hazırkı inkişafında özünün aydın ifadəsini tapır. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. «Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq» söyləyən dövlət başçısı İlham Əliyev qeyd edir ki, neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.

Artıq beş ildən  çoxdur ki, ölkəmizin həyatında yeni mərhələ-işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması uğurla həyata keçirilir. Həmçinin iqtisadi rayonların yeni bölgüsü, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də qarşıdakı dövrün aydın mənzərəsini yaratdı. Qarabağımız və Şərqi Zəngəzurumuz tezliklə  böyük investisiyalar məkanına çevriləcək. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Əsas çağırışlardan biri budur ki, regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcək. O da qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcəkdir. Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artıra bilərik. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl sektor tərəfdaşlığının inkişafı vacibdir.

Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu məqamları xüsusi qeyd edir ki, Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir. Biz böyük infrastruktur layihələrini icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır.

Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”  bu hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Bu mühüm məqamı də xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyev ölkə iqtisadiyyatında müasir texnologiyaların tətbiqinin və yerli istehsal potensialının genişləndirilməsi, habelə dövlət idarəetməsinin və infrastrukturun yüksək səviyyədə rəqəmsallaşdırılması əsasında dayanıqlı, rəqabətqabiliyyətli inkişafın təmin edilməsi məqsədilə 27 fevral 2026-cı il tarixli “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında» Sərəncam imzaladı.

Fəaliyyət Planı rəqəmsal texnologiyaların müasir iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olduğu və qlobal rəqabətin kəskinləşdiyi bir dövrdə rəqəmsal inkişafın strateji əhəmiyyəti nəzərə alınaraq hazırlanıb. Sənəddə də qeyd olunduğu kimi, son illərdə Azərbaycanda  rəqəmsal inkişaf üçün əhəmiyyətli hüquqi və texnoloji baza yaradılıb. “Hökumət buludu”nun istifadəyə verilməsi, “SİMA” biometrik rəqəmsal imzanın uğurlu tətbiqi  və infrastrukturun inkişafı nəticəsində Azərbaycan  Birləşmiş Millətlər Təşkilatının Elektron Hökumətin İnkişafı İndeksində 2024-cü ildə 9 pillə irəliləyərək 74-cü yerə yüksəlmiş və “çox yüksək inkişaf etmiş ölkələr” kateqoriyasına daxil olmuşdur. Lakin innovasiya əsaslı iqtisadiyyata keçid prosesində başlıca tələblərə əməl etmək zərurəti qalmaqdadır. Qlobal İnnovasiya İndeksində Azərbaycan Respublikası 94-cü yerdə mövqe tutur. İnnovasiyalar insan kapitalı, tənzimləyici mühit, elmi potensial və dayanıqlı maliyyələşmənin qarşılıqlı vəhdətinə əsaslanan milli ekosistemdə formalaşır. Bu sahədə əsas maneələr sırasında məlumat idarəçiliyindəki çatışmazlıqlar və məlumat keyfiyyəti problemləri, vençur kapitalı və kraudfandinq kimi innovativ maliyyə alətlərinin hüquqi bazasının olmaması, süni intellektin  inkişafı – suveren süni intellekt üçün kritik olan hesablama infrastrukturunun yetərsizliyi, ixtisaslı kadr çatışmazlığı və artan kibertəhlükəsizlik riskləri xüsusi qeyd edilməlidir. Fəaliyyət Planı, ilk növbədə, ölkədə rəqəmsal inkişaf sahəsində mövcud vəziyyətə və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Fəaliyyət Planında müasir texnologiyaların inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. Fəaliyyət Planının uğurlu icrası nəticəsində Azərbaycanın  beynəlxalq reytinqlərdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması hədəflənir. Növbəti 10 ildə informasiya - kommunikasiya texnologiyaları (İKT) sektorunun qeyri-neft-qaz ÜDM-də payının, rəqəmsal məhsul və xidmətlərin illik ixracının yüksəldilməsi, proaktiv xidmətlərin payının 50 faizə çatdırılması və ölkənin innovasiya əsaslı, rəqabətqabiliyyətli iqtisadiyyata keçidinin sürətləndirilməsi təmin ediləcək.

Dövlət başçısı İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə ölkənin gələcək inkişafının yol xəritəsini təqdim etmişdir. Reallıq budur ki,  Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə aydın strateji baxış formalaşıb.  Qeyd etdiyimiz kimi, Fəaliyyət Planı beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsinə,  müasir texnologiyanın tətbiqi üçün əlverişli şərait yaradılmasına, İKT sektorunun  ÜDM-də payının, rəqəmsal məhsul və xidmətlərin illik ixracının artırılmasına, dövlət idarəetməsinin optimallaşdırılmasına və rəqəmsallaşdırılmasına hədəflənib. Ölkə üzrə rəqəmsal inkişafın vahid arxitektura əsasında həyata keçirilməsinin sürətləndirilməsi, müasir texnologiyaların istehsalı və tətbiqi sahəsində dövlət dəstəyinin artırılması əsas çağırışlar sırasındadır. Azərbaycanın beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi tanınması və nüfuz qazanması təsadüfi deyil. Dövrün çağırışların ardıcıllıqla, yüksək səviyyədə yerinə yetirən Azərbaycan dayanıqlı inkişaf modeli dünyaya nümunədir.

Yeganə Əliyeva, "İki sahil"