İqtisadçı: Beynəlxalq forumlar şəhər iqtisadiyyatının potensialını və gələcək inkişaf planlarını dünya auditoriyasına təqdim etmək imkanı yaradır
Son illər Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin coğrafiyası və miqyası getdikcə genişlənir. Bu proses ölkəmizin qlobal müzakirə platformalarından birinə çevrildiyini göstərməklə yanaşı, müxtəlif sahələr üzrə yeni əməkdaşlıq imkanlarının yaranmasına da şərait yaradır. Xüsusilə şəhərsalma və urban inkişaf məsələlərinin dünyada getdikcə daha çox diqqət mərkəzinə çevrildiyi bir dövrdə Bakının böyük beynəlxalq platformalara ev sahibliyi etməsi Azərbaycanın inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi dəyərləndirilir.
Bu baxımdan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi Azərbaycanın qlobal urban inkişaf proseslərinə fəal şəkildə qoşulduğunu göstərən mühüm hadisə kimi qiymətləndirilir. Ümumdünya Şəhərsalma Forumu yalnız urban inkişaf mövzularının müzakirəsi ilə məhdudlaşmayan, eyni zamanda, iqtisadi əməkdaşlıq, investisiya imkanları və müasir şəhər idarəetməsi sahəsində yeni yanaşmaların formalaşmasına xidmət edən mühüm beynəlxalq platforma kimi qiymətləndirilir. Forum çərçivəsində müxtəlif ölkələrdən olan ekspertlərin, investorların və dövlət nümayəndələrinin iştirakı Bakının şəhər infrastrukturu, iqtisadi potensialı və urban inkişaf təcrübəsinin təqdim olunması baxımından da əhəmiyyətli imkanlar yaradır.
İqtisadi diplomatiyanın yeni imkanlar platforması

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu tip beynəlxalq forumlar ilk növbədə iqtisadi diplomatiya baxımından mühüm imkanlar yaradır: “Belə platformalar müxtəlif ölkələrdən olan dövlət qurumlarını, beynəlxalq təşkilatları, investorları və biznes nümayəndələrini bir araya gətirərək yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına şərait yaradır. Forum çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunur, yeni layihə platformaları formalaşır və şəhər iqtisadiyyatının müxtəlif istiqamətləri üzrə qarşılıqlı fəaliyyət perspektivləri müəyyənləşdirilir.
Digər tərəfdən, bu kimi tədbirlər şəhər idarəetməsi və şəhərsalma siyasətinin müasir prinsiplərinin müzakirəsi və tətbiqi üçün də əhəmiyyətli imkanlar yaradır. Müasir şəhər inkişafı konsepsiyalarında iqtisadiyyatın xidmət, turizm və logistika kimi sahələri aparıcı rol oynayır. Şəhər infrastrukturu da məhz bu istiqamətlər üzrə formalaşır. Nəqliyyat sistemləri, logistika şəbəkələri, xidmət sektorunun müxtəlif sahələri və urban idarəetmə mexanizmləri şəhər iqtisadiyyatının dayanıqlı inkişafında mühüm yer tutur”.
Eldəniz Əmirov qeyd etdi ki, Bakının son illərdə formalaşan xidmət infrastrukturu xüsusilə diqqət çəkir: “Paytaxtda turizm, nəqliyyat, logistika və digər xidmət sahələrinin inkişafı qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevrilib. Məsələyə bu kontekstdən yanaşdıqda Forumun əhəmiyyəti yalnız şəhərsalma mədəniyyətinin inkişafı və texniki infrastrukturun təkmilləşdirilməsi ilə məhdudlaşmır. Eyni zamanda, bu tədbir iqtisadi səmərəlilik baxımından da geniş imkanlar açır.
Belə forumlar həm də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir və ölkənin investisiya mühitinin tanıdılması üçün mühüm platforma rolunu oynayır. Çünki bu cür tədbirlər zamanı şəhər iqtisadiyyatının potensialı, həyata keçirilən layihələr və gələcək inkişaf planları beynəlxalq auditoriyaya təqdim olunur. Bu isə öz növbəsində yeni investisiyaların cəlb olunmasına şərait yaradır”.
Xidmət, texnologiya və innovasiya sintezi
İqtisadçı diqqətə çatdırdı ki, müasir şəhərsalma yanaşmalarında sənaye və ağır istehsal sektorlarının şəhər mərkəzlərində yerləşməsi o qədər də uyğun hesab olunmur. Əvəzində xidmət, təhsil və səhiyyə sektorları şəhər iqtisadiyyatının əsas istiqamətlərinə çevrilir. Bu sahələr isə “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə sıx bağlıdır. Rəqəmsal idarəetmə sistemləri, ağıllı nəqliyyat, innovativ xidmət infrastrukturu kimi elementlər artıq müasir şəhərlərin inkişaf modelinin əsas komponentlərinə çevrilib: “Məhz bu səbəbdən belə beynəlxalq forumlar şəhər iqtisadiyyatının yeni istiqamətlərinin formalaşmasına, innovativ texnologiyaların tətbiqinə və sahibkarlıq mühitinin genişlənməsinə dəstək verir. Xüsusilə də kiçik və orta biznes üçün yeni əməkdaşlıq imkanları yaranır, müxtəlif xidmət sahələrində yeni layihələrin həyata keçirilməsi üçün zəmin formalaşır. Bu baxımdan Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu həm şəhər infrastrukturu, həm investisiya mühiti, həm də ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Nigar Orucova, "İki sahil"