12 mart 2026 11:17
120

Vayra Vike-Freyberqa: Biz BMT-nin əsasını təşkil edən beynəlxalq prinsiplərin təsirinin zəiflədiyini görürük

Biz artıq 13-cü dəfədir bu foruma ev sahibliyi edən Azərbaycana təşəkkürümüzü bildiririk. Xatırlayıram ki, biz bu təşəbbüsə başlayarkən öz ideyamızı Prezident İlham Əliyevlə bölüşdük. O isə Azərbaycanda daha genişmiqyaslı bir tədbirin keçirilməsi ideyasını irəli sürdü. Bu gün dünyanın bir çox ölkəsindən nümayəndələr bu forumda iştirak edirlər.

“İki sahil” xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa deyib.

O qeyd edib ki, hazırda dünyada baş verən münaqişələr və qarşıdurmalar insan ölümlərinə, eləcə də tarixi sivilizasiyaların məhv olmasına səbəb olur. “Biz BMT-nin əsasını təşkil edən və uzun illər beynəlxalq münasibətləri tənzimləyən prinsiplərin təsirinin zəiflədiyini müşahidə edirik. Bu gün isə güc amili daha ön plana çıxır. Müasir dünyada informasiya texnologiyaları da böyük rol oynayır və ədalət anlayışına ciddi təsir göstərir. Təəssüf ki, ədalət prinsipi bir çox hallarda öz əhəmiyyətini itirmiş kimi görünür. Müharibələrin barbar üsullarla aparılması bunun bariz nümunəsidir. Bu cür hücumlar yalnız insanlara deyil, həm də dövlətlər arasında ticarət əlaqələrinə və beynəlxalq əməkdaşlığa ciddi zərbə vurur. Təəssüf ki, qarşılıqlı hörmət prinsipi də çox zaman nəzərə alınmır”, - deyə Vayra Vike-Freyberqa vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri sonda Qlobal Bakı Forumunda müzakirə ediləcək məsələlərin daha təhlükəsiz bir dünya üçün həll yolları tapmağa dəstək olacağına ümid etdiyini əlavə edib.