05 mart 2026 19:26
156

AZƏRBAYCAN XALQI ƏMİN OLMALIDIR Kİ, İSTƏNİLƏN BƏD QÜVVƏ ONLARA QARŞI BİZİM “DƏMİR YUMRUĞ”UMUZU GÖRƏCƏK

Bu gün, martın 5-i İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə gözlənilməz dron hücumları həyata keçirilib.

Açıq qeyd etmək lazımdır ki, keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində və hətta ondan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlar prosesində, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı məsələdə İranın tutduğu anti-Azərbaycan mövqeyə rəğmən, 2023-cü ilin yanvarında ölkəmizin Tehrandakı səfirliyinə edilən terror qarşılığında Azərbaycan dövləti son dərəcə təmkinli, müdrik və ləyaqətli mövqe tutaraq, mehriban qonşuluq niyyətini nümayiş etdirərək, münaqişələrdə maraqlı olmadığını ifadə edərək, həm o mərhələlərdə soyuqqanlı mövqe sərgilədi, həm də hazırkı, İran üçün taleyüklü mərhələdə vicdanlı və səmimi qonşuluq münasibətini bariz şəkildə ifadə etdi.

Birinci halda keçmiş Qarabağ münaqişəsinin bütün tarixi ərzində İranın Ermənistana fəal sosial-iqtisadi yardım göstərdiyi, 44 günlük müharibədə mətbuatda cənub ölkəsi ərazisindən ermənilərə, o cümlədən terrorçu rejimin nəzarəti altında olan Azərbaycan ərazilərinə hərbi yardımın faktiki məlumatlarla təsdiqləndiyi dövrdə, Azərbaycanın işğal altında olan 132 kilometrlik İranla sərhəd ərazilərinin erməni işğalından azad edilməsi zamanı İran ordusunun təxribatçı hərəkətləri, sərhədi pozaraq kobud şəkildə ərazilərimizə müdaxiləsində, 2022-ci ilin oktyabrında heç bir müvafiq zəruri şərtlər olmadan məhz Zəngəzur dəhlizinin açılmasına qarşı diplomatik sipər kimi İranın Qafanda baş konsulluğunun açılmasında da Azərbaycan son dərəcə səbir, təmkin və böyüklük nümayiş etdirdi. Hazırkı məqamda isə, ABŞ və İsrailin İrana qarşı total və məqsədyönlü müdaxiləsi şəraitində Azərbaycan yenə də səmimi və vicdanlı qonşuluq mövqeyindən çıxış edərək, öz ərazisindən və hava məkanından qonşu dövlətin ərazisinə hər hansı hücuma imkan verməyəcəyini bəyan etdi. Bir neçə gün bundan əvvəl İrana baş verən hərbi müdaxilə zəminində bu ölkənin ali dini lderi və faktiki səlahiyyətli rəhbəri Əli Xameneinin öldürülməsindən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin prezidenti Məsud Pezeşkiana telefonla zəng edərək ayətullahın ölümü ilə əlaqədar baş sağlığı verdi, ardınca isə martın 4-də İranın Bakıdakə səfirliyini ziyarət edərək, bir daha baş sağlığı diləklərini ifadə edərək, səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazıb.

Yeri gəlmişkən, elə bu saatlarda Azərbaycan Prezidenti İlham Əliyev özünün sədrliyi ilə keçirdiyi Təhlükəsizlik Şurasının iclasında demişdir: “Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək”.

Bütün bunların qarşılığında isə İran Azərbaycana qarşı ölkəmizin müstəqil dövlətçilik tarixinin ötən dövrü ərzində artıq neçənci dəfə qeyri-dost münasibətini ifadə etdi. Martın 5-də saat 11.30 radələrində Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə namərdcəsinə, şərəfsizcəsinə dron hücumları həyata keçirib. Hücum nəticəsində iki nəfər Azərbaycan vətəndaşı yaralanıb. Əlbəttə, məsələyə bu qədər sərt ifadələrlə münasibət bildirməyimizin əsasında yuxarıda qeyd etdiyimiz son 34 illik müstəqillik tariximizin ikitərəfli münasibətlərində İranın Azərbaycanın yüksək münasibəti qarşısında tamamilə qeyri-adekvat münasibət göstərməsi dayanır. Ölkəmizin, xalqmızın, dövlətimizin və onun liderinin ləyaqətli, yüksək və tolerant münasibətinə qarşılıq İran Silahlı Qüvvələri, əslində isə İranı bütövlükdə özünün müstəmləkəsinə çevirmiş molla rejimi tərəfindən bu qədər açıq vəhşi, nankor və riyakar müdaxilə nəinki beynəlxalq hüquq normalarına, hətta ən sadə qonşuluq prinsiplərinə belə sığmır. Çünki bu ölkədəki hakim “əmmaməli rejim” belə əmindir ki, onlardan fərqli olarq, Azərbaycan Respublikası onlar qədər riyakar, dosta arxadan zərbə vuran, qonşusunun uşağına, dinc insanına, məktəbinə, hava limanına gözlənilməz hücum edəcək şərəfsizliyi öz şəninə sığışdırmaz!

Bu günkü şərəfsiz hücum elə bir vaxtda həyata keçirilib ki, İran tərəfindən bunun heç bir izahı verilə bilməyəcək, verilməyə cəhdlər olsa belə, bu sadəcə cəhd olaraq qalacaq. Çünki elə bu səhər İranın Azərbaycana ehtiyacıvə müti şəkildə xahişi, Azərbaycan Liderinin isə ləyaqətli davranışı olub. Bu barədə dövlət başçımız bugünkü Təhlükəsizlik Şurasının iclasında açıq danışıb: “Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək”.

Digər tərəfdən, əsas müdaxiləçilərə cavab verməyə gücü, hünəri və imkanları çatmadığı halda, onsuz da ətrafındakı qeyri-səmimi münasibətdə olduğu bütün ərəb ölkələrini lazım gəldi-gəlmədi bombalamaqla məşğul olan İran rejiminin dünən Türkiyəyə, bu gün isə Azərbaycan ərazisinə bu namərd hücumunu rejimin mahiyyətindən doğan addım kimi qiymətləndirməkdən başqa əsasımız yoxdur.

Bu dövlətin başçılarının özlərinə və əməllərinə yaraşmayan şəkildə İslam dininin müqəddəs idealları pərdəsi altında gizlənmələrinə rəğmən, həyata keçirdikləri bu binamus hücumlar yalnız beynəlxalq hüququn norma və prinsiplərinə zidd deyil, məktəbdə dərs öyrənən azyaşlı uşağa, hava limanında öz evinə tələsən dinc vətəndaşa heç bir zərurət və təhlükə gözlənilmədiyi halda hücum etməsi İslam dininin humanist prinsiplərini də tapdalamaq deməkdir. Bu, 30 il Ermənistan dövlətinin terrorizmi ilə mübarizə aparan Azərbaycan üçün indi də İranın dövlət səviyyəsində terrorizmi ilə qarşılaşmasıdır. 40 milyonluq Azərbaycan türklərinə qarşı bir əsrlik daxili terrorizmlə qane olmayaraq müstəqil Azərbaycan Respublikasına qarşı həyata keçirilən bu terror aktı İranın dövlət kimi ən azı mənəvi baxımdan, islami və əxlaqi dəyərlər nöqteyi-nəzərindən çürüdüyünün növbəti nümunəsidir!

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın iyrənc riyakar simasını qətiyyətlə açır: “Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir”.

Mülki infrastruktura, məktəbə, hava limanına və digər dinc insanların toplu şəkildə olduğu və ya ola biləcəyi məkanlara şərəfsiz hücumla bağlı İran İslam Respublikasının ali hakimiyyəti məsuliyyət daşımalı, günahkarlar dərhal müəyyən edilməli və cəzalandırılmalı, Azərbaycan dövlətindən və xalqından layiqli şəkildi üzr istənilməlidir! İran həddini, yerini və Azərbaycan dövləti və xalqı qarşısında dayandığı heç də yüksək olmayan mövqeyini və səviyyəsini dərindən anlamalı, tutulduğu quduzluq xəstəliyindən sağalmağa çalışmalıdır! Əks halda “Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar” və əminik ki, tam qüvvə ilə hazırdırlar: “AZƏRBAYCAN XALQI ƏMİN OLMALIDIR Kİ, İSTƏNİLƏN BƏD QÜVVƏ ONLARA QARŞI BİZİM “DƏMİR YUMRUĞ”UMUZU GÖRƏCƏK”.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent