Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) idxalçısı olan Yaponiyanın “JERA Co.” şirkəti ölkənin tələbatını daha asan ödəmək və tədarükün müxtəlifliyini artırmaq üçün ilk dəfə ABŞ-dan LNG idxal edəcək.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, Yaponiyanın iki böyük energetika qurumunu LNG ilə tədarük edən “JERA Co” həmin mayeləşdirilmiş təbii qazı ABŞ-ın “Cheniere Marketing International” şirkətindən alıb. Lakin hər iki şirkət LNG-nin həcmi və dəyəri barədə məlumat yaymayıb.
Yaponiyaya göndəriləcək LNG Baham Adalarına məxsus “M/T Oak Spirit” adlı tanker ilə çatdırılacaq. ABŞ-dakı “Sabine Pass” LNG terminalında yüklənərək yola düşən tankerin Panama kanalından keçdikdən sonra gələn il yanvarın əvvəlində Yaponiyaya çatacağı bildirilib.