“Azneft” İstehsalat Birliyində qazmanın yeni yanaşma üsulları müzakirə olunmuşdur
“Azneft” İstehsalat Birliyində “Bulla-dəniz” yatağında 123 nömrəli quyunun qazma layihəsi müzakirə olunmuşdur.Qazma prosesinin optimallaşdırılması və keyfiyyəti barədə fikir mübadiləsi aparılmış, “Bulla-dəniz” yatağında qazılmış quyulardan əldə edilmiş təcrübənin 123 nömrəli quyuda da tətbiq olunması razılaşdırılmışdır. Bildirilmişdir ki, indiyə kimi qazanılmış təcrübə təkmilləşdirilərək 123 nömrəli quyunun qazılması işində tətbiq olunmalıdır. Bunun üçün təklif olunan yeni konsepsiyada işçilərin və ətraf mühitin mühafizəsi, hesabatlılıq, şəffaflıq, motivasiya və mükəmməllik kimi dəyərlər xususi qeyd olunmuşdur. 123 nömrəli quyunun yeni yanaşma və üsullarla qazılması layihəsinin uzunmüddətli perspektivdə SOCAR-ın dünya səviyyəli “upstream operatoru”na çevrilmək planının ilk addımlarından biri olduğu vurğulanmışdır.
Tədbirdə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərov, “Neftqazelmitədqiqatlayihə” institutunun direktoru Fəxrəddin İsmayılov, podratçı “Haliburton” və “Schlumberger” şirkətlərinin nümayəndələri və aparıcı mütəxəssislər iştirak etmişlər.