01 aprel 2026 00:58
104

Yağıya qan qusduran 20 yaşlı igid

44 günlük haqq savaşımızda əsl qəhrəman kimi döyüşüb adını yeni, şanlı tariximizə  yazan Azərbaycanın  qeyrətli oğullardan biri də  zəfər şəhidi  Rövşən Eynullayevdir. Biləsuvar rayonunun Nərimankənd kəndində dünyaya göz açan Rövşən sinəsini Vətəninə sipər etməklə 20 yaşında   ən ali məqama ucaldı. Onun ömür yolu nə qədər qısa olsa da, zaman-zaman  gələn nəsillər üçün qürur, şərəf mənbəyinə dönəcək, bənzərsiz bir örnək olacaq.

Qəlbi düşmən tapdağında qalan torpaqların  azad edilməsi  istəyi ilə  alışıb-yanan Rövşən Elşən oğlu Eynullayev doğma kənd orta məktəbini  başa vurub ordu sıralarına gedib. Cəbhə bölgəsində  əyninə forma geyinərək  Vətənin keşiyini çəkib. Hər qarış torpağı özünə əziz bilən mərd, cəsur  əsgərin  göstərdiyi nümunəvi xidməti qısa müddətdə  ona yaxşı hörmət qazandırıb. Yağıdan alacağı öcə hazırlaşan Rövşən komandirlərin tapşırıqlarını vaxtında, yüksək keyfiyyətlə yerinə yetirib, ən çətin təlimlərdən belə uğurla çıxıb.  Əsgərlikdən sonra da erməni dığalardan qisas almaq üçün silahı əlindən yerə qoymayıb.  Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq  yurdumuzun müdafiəsində  dayanıb. Vətən məhəbbəti, düşmənə amansız nifrəti bir qayda olaraq köksündə əsl qəhrəman ürəyi döyünən  Rövşəni  30 il əsir düşən Qarabağımızın azadlığı naminə  səngərə- döyüşə səsləyib.

Rövşən 2020-ci ilin  sentyabrın əvvəlində  qısa müddətli təlimlərə cəlb  edilib və vəziyyətin nə yerdə olduğunu tam başa düşüb. Sentyabrın 27-də Vətən müharibəsi başlananda  bir çox igid oğullarımız kimi  sevinə-sevinə, böyük ürəklə, qələbəyə inamla  ön cəbhəyə yollanıb.  İlk gündən  cəsarətlə  müharibə meydanına atılıb,  düşmən həmləsini dayandırmaq üçün  mərdliklə  vuruşub, çətin döyüş əməliyyatlardan zəfərlə  çıxıb. Və bu hünər  Rövşəni   komandirlərə,  əsgər yoldaşlarına daha çox sevdirib.  Vətən torpağının hər qarışını canından əziz bilən Rövşən  girdiyi  döyüşlərdə dığalara  endirdiyi sarsıdıcı zərbələrlə onlara qan qusdurub. Savaş zamanı  göstərdiyi  fədakarlığı, mərdliyi, misilsiz şücaəti  onunla  çiyin-çiyinə vuruşan əsgərləri də  qələbəyə doğru aparıb.

Qəhrəman əsgərin axırıncı döyüşü də ağır, qeyri-bərabər  keçib. Belə ki, Cəbrayıl, Füzuli  rayonları istiqamətində  gedən torpaq uğrunda müharibədə son nəfəsinə qədər silahı əlindən yerə qoymayıb,   sərrast  atəşlə dığaların hərbi texnikasını sıradan çıxarıb,  canlı qüvvəsini sarsıdıb. Özü qəfil atılan gülləyə tuş gəlsə də, qanı tökülən  yerdə daha bir qələbə bayrağımız dalğalanıb. Həm də Vətənin azadlığı uğrunda  gedən döyüşlərdə  canını fəda edən bir ailənin övladından  bütün Azərbaycan  xalqının ən əziz  oğluna  çevrilib.  

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları əsasında  Rövşən Eynullayev ölümündən sonra "Vətən uğrunda",  “Döyüşdə fərqlənməyə görə”, eləcə   Cəbrayılın, Füzulinin azadlığı  uğrunda medallarına layiq görülüb.

”Şəhidlər ölməz - Vətən bölünməz!” deyiblər. Çünki şəhidlər torpağa gömülmür, onlar əbədi yaşamaq üçün  elə Vətən  səmasının  parlaq  günəşinə çevrilirlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü