Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi İkinci Qarabağ müharibəsində 30 il yağıya əsir düşən Vətən torpaqlarının işğaldan azadlığı naminə öz qanları bahasına qəhrəmanlıq dastanı yazan igid oğulların xatirəsini əziz tutmaq indi hər birimizin müqəddəs borcudur. Ölümsüzlüyə qovuşan bu Vətən sevdalıları özü dünyadan getsələr də, xalqın kimliyini, mənliyini, qeyrətini bütün dünyaya göstərdilər. Məhz buna görə də hər bir şəhid bizim qürur yerimiz, iftixar mənbəyimizdir.
Astara Pedaqoji Kollecində xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda özünü fəda edən zəfər şəhidlərini vaxtaşırı yad etmək, onların əziz ruhunu ehtiramla anmaq, haqqında unudulmayan xatirələr söyləmək nəcib, xeyirxah bir ənənə şəklini almışıdır. Ötən bayram günlərində də kollecin direktoru, professor, şəhid atası Kamran Kazımov, eləcə təhsil ocağının bir qrup əməkdaşı şanlı qələbəmizin qəhrəmanlıq simvoluna çevrilən şəhidlərin məzarlarını ziyarət edərək üzərinə tər güllər düzdülər.
Kollecin direktoru K. Kazımov söhbət zamanı bildirdi ki, Vətənin azadlığı, xalqın xoşbəxtliyi üçün canlarından keçən bu, qeyrətli, igid oğullar hər cür sevgi və məhəbbətə layiqdirlər. Onlar qısa ömürləri ilə gələcək nəsillərə nümunə, örnək olacaq şərəfli tarix yazdılar. Həmçinin zəfər şəhidlərinin səpdiyi qəhrəmanlıq toxumu minlərlə ürəkdə çiçək açır. Buda onun göstərir ki, azad bir ölkənin vətəndaşı kimi gələcəyimiz daha parlaq olacaq...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü