02 aprel 2026 17:02
193

Dünya siyasətində TDT-nin əhəmiyyəti artmaqdadır

“Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının / vitse-prezidentinin ikinci görüşü türk dünyasının  inteqrasiyasının inkişafında mühüm mərhələ olmaqla, bu platformanın keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini bir daha təsdiqlədi. Artıq aydındır ki, TDT yalnız dialoq məkanı olmaqdan çıxaraq iqtisadiyyat, nəqliyyat, enerji və rəqəmsal inkişaf sahələrində səmərəli koordinasiya mexanizminə çevrilməkdədir. Qlobal münasibətlər sistemində baş verən transformasiyalar fonunda məhz bu cür çevik və praqmatik əməkdaşlıq formatlarına ehtiyac daha da artır”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, iclasın Bakıda keçirilməsi tamamilə qanunauyğundur. Çünki Azərbaycan son illər ərzində türk dünyasının aparıcı mərkəzlərindən biri kimi mövqeyini ardıcıl şəkildə möhkəmləndirir. Bu, yalnız ölkəmizin coğrafi mövqeyi ilə deyil, həm də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş düşünülmüş xarici siyasət kursu ilə bağlıdır. Onun fikrincə, iclas iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı TDT çərçivəsində əməkdaşlığın inkişafının ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu bir daha vurğulanıb. Bu yanaşma Azərbaycanın tərəfdaşları ilə ümumi məqsədlər naminə bir araya gətirə bilən dövlət kimi strateji baxışını əks etdirir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanıb və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. “Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq”,-deyə dövlətimizin başçısı vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, müzakirələrin əsas istiqamətlərindən biri nəqliyyat-logistika əlaqələrinin inkişafı olub. Nəzərə alaq ki, Orta Dəhliz bu gün Şərqlə Qərbi birləşdirən qlobal infrastrukturun mühüm tərkib hissəsinə çevrilməkdədir. Bu marşrutun gücləndirilməsi iştirakçı ölkələrin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq ticarətin dayanıqlığını da artırır. İnvestisiya əməkdaşlığının inkişafı da xüsusi önəm daşıyır. Türk İnvestisiya Fondunun yaradılması və fəaliyyətinin genişləndirilməsi infrastrukturun modernləşdirilməsi və iqtisadi artımın stimullaşdırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır. 

Sevinc Fətəliyeva qeyd edib ki, formalaşmaqda olan çoxqütblü dünya şəraitində TDT-nin siyasi əhəmiyyəti də artmaqdadır. Üzv dövlətlərin beynəlxalq gündəliyin əsas məsələləri üzrə mövqelərinin uzlaşdırılması onların ümumi səsini gücləndirir və daha ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verir. İclasın yekununda qəbul edilmiş Birgə Bəyanat tərəflərin inteqrasiyanı dərinləşdirmək, nəqliyyat əlaqələrini inkişaf etdirmək, iqtisadi əməkdaşlığı genişləndirmək və müasir rəqəmsal həlləri tətbiq etmək niyyətini əks etdirir.

“Beləliklə, Bakı görüşü sadəcə növbəti dialoq mərhələsi deyil, Türk Dövlətləri Təşkilatının institusional möhkəmlənməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir. Azərbaycan bu proseslərin fəal iştirakçısı kimi əməkdaşlıq, sabitlik və inkişaf məkanının formalaşmasına mühüm töhfə verməkdə davam edir. Bu gün əminliklə demək olar ki, türk vektoru yeni geoiqtisadi reallığın əsas amillərindən birinə çevrilir”,-deyə deputat vurğulayıb.