15 dekabr 2016 14:58
247

OPEC-in 2017-ci il planı

Ekspertlərin fikirlərinə görə, OPEC-in  əldə etdiyi hasilatı azaltma anlaşması gerçəkləşərsə, 6 ay ərzində dünya birjalarında yığılan neft ehtiyatlarının yarısı tükənə bilər. OPEC və digər 11 neft ixracatçısı olan ölkə dekabrın 10-da Vyanada əldə olunan ikinci anlaşmanın şərtlərini yerinə yetirdiyi təqdirdə, 2014-cü ildən bu yana birjalarda toplanan neft ehtiyatları gündəlik olaraq 760 min barrel geriləyəcək. Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına görə, OPEC birjalarında toplanan və azaltmağı planladığı 300 milyon barrel neft ehtiyatının 46%-ni bu yolla aradan qaldırmaq niyyətindədir.

Bu göstəriciləri əldə etmək üçün OPEC və bu təşkilata üzv olmayan ölkələr üzərilərinə götürdükləri 1,8 milyon barrellik hasilatı azaltma səviyyəsini gözləməlidirlər. 2017-ci ilin ilk yarısından etibarən gündə 760 min barrel səviyyəsində azalmanı təmin etmək istəyən OPEC Liviya və Nigeriya kimi anlaşmadan kənarda qalan ölkələrin artan hasilatı ilə üz-üzə qalacaq. Buna görə də OPEC gündəlik 1,2 milyon barrellik azalmanı tam həyata keçirməlidir. Eyni zamanda, proqnozlaşdırılan göstəriciləri əldə etmək üçün OPEC-ə üzv olmayan Rusiyanın gündəlik  neft hasilatını 300 min barrel aşağı salmaq öhdəliyinə tam riayət etməsi lazımdır.

Tərəflər bu ilin noyabr və dekabr aylarında Vyanada əldə olunan razılaşmalara tam əməl edəcəkləri təqdirdə, 2017-ci ilin ilk yarısında OPEC-in təklifinə qarşı birjaların gündəlik tələbinin 400 min barrel səviyyəsində olacağı gözlənilir. Beynəlxalq Enerji Agentliyinin təxmininə görə, OPEC-ə üzv olmayan 11 ölkə üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, birjaların tələbi gündəlik 360 min barrel olmaqla 17,97 milyon barrel səviyyəsində olacaq.

Həmidağa Məcidov,

“İki sahil”