16 dekabr 2016 15:04
1014

Balamirzə Ağarəhimov: Neftçilərin axtarışı istiqamətində işlər aparılır

İtkin düşən neftçilərdən birinin, Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılıb

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar Birlikdə yaradılan qərargahda mətbuat konfransı keçirildi. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktorunun birinci müavini,  baş mühəndis Balamirzə Ağarəhimov bildirdi ki, “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 10 neftçinin axtarışları davam edir: “Saat 15:00-a olan məlumata görə, itkin düşən neftçilərdən birinin, operator vəzifəsində çalışan Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılıb. Onun meyiti gəminin göyərtəsindədir. Axtarışlar davam etdirilir. Hava şəraitinin əlverişsiz olması axtarış tədbirlərini çətinləşdirir. Meyit Səngəçaldan bir qədər aralı, Ələt-41 sahəsində tapılıb. Estakada dənizə uçan yerdə suyun dərinliyi 10-11 metrdir. Axtarış işləri Səngəçal, Xərə-Zirə, Ələt, Duvannı ərazilərində aparılır.”

B.Ağarəhimovun sözlərinə görə, axtarışlara dalğıcların cəlb olunması üçün “Avyor” gəmisi əraziyə yaxınlaşıb, amma hava şəraiti ilə əlaqədar hələlik dalğıcları işə cəlb etmək mümkün deyil, hava şəraitinin normallaşmasını gözləyirlər. B.Ağarəhimov qeyd etdi ki, əlverişsiz hava şəraiti ilə əlaqədar öncədən müvafiq tədbirlər görülüb. Lakin küləyin sürəti saniyədə 41 metr olub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Jurnalistlərin suallarını cavablandıran “Azneft” İstehsalat Birliyinin baş mühəndisi məlumat verdi ki, estakada 1978-ci ildə istismara verilib: “Orada daim təmir-bərpa işləri aparılıb. Sonuncu dəfə təmir cari ilin avqust ayında həyata keçirilib. Qəza Neft Yığım Məntəqəsində baş vermədiyi üçün neft və qaz hasilatına heç bir təsir göstərməyib.”

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb: Bunlar maşinistlər Güloğlan Zülfüqarov, Ramiz Abbasov, operatorlar Azay Zülfüqarov, Vidadi Qurbanov, Həsənağa Hacıəliyev, İlham Qafarov, Samir Əsədov, Cavid Bəhrəmov, Qorxmaz Rüstəmov və mexanik Elçin Həsənovdur.

“İtkin düşən neftçilərin ailələrinə xəbər göndərilib. Bunun üçün ayrıca komissiya yaradılıb. Komissiya üzvləri itkin düşənlərin ailələrinə baş çəkir” deyən B.Ağarəhimov vurğuladı ki, digər neftçilərin axtarışı istiqamətində işlər aparılır. Hadisə yerinə dərhal 10-dan çox gəmi, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri və FHN-nin, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.

Orxan Vahidoğlu, 
Vüsal Cahanov (foto), “İki sahil”