Dekabrın 15-dən 16-na keçən gecə Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisindən keçən magistral qaz kəmərində texniki problem yaranıb.
“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov faktı təsdiqləyərək bildirib ki, magistral qaz kəmərində təmir işləri aparılan zaman kiçik qəza baş verib. Qəza nəticəsində 50 minə yaxın abonentin qaz təchizatı dayandırılıb.
“SOCAR Energy Georgia” MMC-nin Batumi üzrə nümayəndəsi David Likişvili bildirib ki, MMC-nin ərazi üzrə nümayəndəliyi dərhal təbii qazın kəmərə verilməsini dayandırıb.
Onun sözlərinə görə, hadisə yerinə cəlb olunmuş təmir briqadaları səhərə yaxın qaz sızmasını aradan qaldırıb və səhər saatlarında kəmərə qazın verilməsi bərpa olunub. Hazırda 15-ə yaxın briqada Batumi və digər ərazilərdə abonentlərə qazın verilməsində iştirak edir. Əhali hadisə ilə əlaqədar məlumatlandırılır, evlərdə, ofis və digər ictimai-iaşə obyektlərində təbii qazın verilməsində problemin yaranmaması üçün müvafiq tədbirlər görülür.
D.Lekişvili bildirib ki, artıq 30 mindən çox abonentə təbii qazın verilməsi bərpa olunub. Dekabrın 17-si günün birinci yarısınadək qazı kəsilmiş bütün abonentlər yenidən mavi yanacaqla təmin olunacaqlar.