Bağdadda üzvü olduğu Dava partiyasının toplantısına qatılan İraqın Baş naziri Heydər əl-Abadi İŞİD terror təşkilatının Mosul əyalətində neft quyularında yanğın törətməsinə diqqət çəkib və terror təşkilatının bu cür əməllərini pisləyib: “İŞİD neft quyularında təxribat törədərək su ilə nefti bir-birinə qatdı. Qruplaşma ayrıca Mosul və ətraf ərazilərdə kükürd maddəsi ilə yanğınlar törədərək təbiəti məhv etdi.”
İŞİD-in Mosulda yaşayan dinc insanlara qarşı qətliamına da toxunan iraqlı Baş nazir daha sonra yanğının ölkəyə vurduğu ziyanın böyüklüyündən danışıb: “İlkin dəyərləndirmələrə görə, terrorçuların Mosulda törətdiyi yanğından İraq dövləti 35 milyard dollar zərər çəkib.” Həmçinin əl-Abadi bildirib ki, İŞİD terrorçularının İraqın şimalından çıxarılması və bölgədəki siyasi qruplarla razılığın əldə olunması problemin həll olunmasının başlanğıcı olacaq.
Xatırladaq ki, təxminən 3 ay öncə İŞİD terrorçularının Mosul əyalətinin Qəyyarə kəndində neft quyularına od vurması nəticəsində yaranan genişmiqyaslı yanğını hələ də söndürmək mümkün deyil. Yanğını söndürmək üçün İraq dövləti tərəfindən səfərbər edilən qüvvələr bir sıra çətinliklərlə üzləşirlər. Belə ki, terrorçular ərazini tərk edərkən neft quyularının ətrafında partlayıcı maddələr gizlədiblər. Bu maddələr partladıqca yanğın yenidən alovlanır və təbii fəlakət bölgəsinin miqyası daha da genişlənir.
Yanğına görə, səbəbi ilə bir çox ailə ərazini tərk edib, amma yerli əhalinin böyük bir qismi yanğının yaratdığı tüstünün, dumanın altında yaşayır. Ətrafa yayılan zəhərli maddələr insanların, xüsusən də azyaşlı uşaqların səhhətinə mənfi təsir göstərməkdədir.
Həmidağa Məcidov, “İki sahil”