17 may 2026 13:51
142

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya və təhlükəsiz şəhərlərin qurulması məsələləri əsas müzakirə mövzuları olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Euronews” telekanalının WUF13-lə bağlı hazırladığı materialda bildirilir. Qeyd edilir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) məlumatına görə, hazırda dünyada 1 milyarddan çox insan gecəqondularda və yaxud qeyri-formal yerlərdə yaşayır. Təşkilat xəbərdarlıq edir ki, təxirəsalınmaz tədbirlər görülməzsə, 2050-ci ilə qədər gecəqondularda yaşayan insanların sayı 3 milyarda çata bilər.

BMT Məskunlaşma Proqramının Azərbaycandakı Ofisinin rəhbəri Anna Soavenin sözlərinə görə, mənzil məsələsi şəhərlərin gələcəyi, iqlim dəyişikliklərinə davamlılıq, sosial-iqtisadi rifah və həyat keyfiyyəti ilə birbaşa əlaqələndirilir. O bildirib ki, forum hökumətlər, şəhər rəhbərləri, ekspertlər, biznes dairələri və vətəndaş cəmiyyəti üçün praktik həllərin müzakirəsi baxımından mühüm platformadır.

Bildirilir ki, WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün yenidənqurma, şəhərsalma və mənzil sektorunda dayanıqlılıq mövzusunda beynəlxalq müzakirələrə qoşulmaq, həmçinin qlobal arenada öz mövqeyini nümayiş etdirmək baxımından böyük imkandır.

Materialda Bakının WUF13 üçün uyğun məkan olduğu xüsusi vurğulanır. İsveçrənin memarlıq və şəhərsalma üzrə ixtisaslaşmış “SA Partners” şirkətinin təsisçi tərəfdaşı Tomas Kovari bildirib ki, Bakı tarixi irsi qorumaqla yanaşı, sürətli modernləşmə və innovativ şəhər inkişafını özündə birləşdirən şəhərdir, bu baxımdan da WUF13 üçün uyğun bir məkandır.

Həmçinin Azərbaycanın xüsusilə Qarabağ bölgəsində həyata keçirdiyi yenidənqurma layihələrinin də diqqət çəkdiyi qeyd olunur. Bildirilir ki, ölkə həmin ərazilərdə dayanıqlılıq, əlverişli mənzil və “ağıllı şəhər” prinsiplərini tətbiq etməklə postmünaqişə dövründə bərpa sahəsində mühüm təcrübə formalaşdırır.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov telekanala açıqlamasında forumun Azərbaycana beynəlxalq etimadın göstəricisi olduğunu bildirib. Onun sözlərinə görə, tədbir ölkənin qlobal tədbirlərin keçirildiyi regional mərkəz kimi mövqeyini daha da gücləndirəcək.

Qeyd edilir ki, WUF13 çərçivəsində sosial mənzil, torpaq hüquqları, şəhər maliyyələşdirilməsi, iqlim dəyişikliklərinə davamlılıq, rəqəmsal şəhərsalma və ictimai nəqliyyatın inteqrasiyası kimi məsələlər də müzakirə olunacaq.

Vurğulanır ki, Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir.