Türkmənistan ümid edir ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhərsalma və urbanistika sahəsində təşəbbüslərin inkişafı üçün yeni imkanlar açacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov WUF13 çərçivəsində Liderlər Sammitində çıxışı zamanı bildirib.
"BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı və Azərbaycan hökumətinin dəstəyi ilə keçirilən davamlı urbanizasiya üzrə aparıcı qlobal konfrans olan WUF13-ün başlaması münasibətilə təbrik edirik. Foruma uğurlu iş arzulayırıq. Bu gün şəhərlər sürətlə inkişaf edən dünya iqtisadiyyatının əsas mərkəzləridir. Onların inkişafının əsas proseslərindən biri urbanizasiyadır. O (urbanizasiya - red.), şəhərləri insanları, məkanı və texnologiyaları birləşdirən mürəkkəb sistemlər kimi nəzərdən keçirir. Urbanistika müxtəlif sahələrdən (memarlıq, şəhərsalma, sosiologiya, iqtisadiyyat, ekologiya və coğrafiya) olan bilikləri inteqrasiya edir. Bütövlükdə bu, müasir dünyanın əsas proseslərindən biridir", - o qeyd edib.
D.Orazov vurğulayıb ki, ekoloji yanaşma və qlobal çağırışların həlli olmadan şəhərlərin davamlı inkişafı qeyri-mümkündür.
O, həmçinin ənənəvi qonaqpərvərliyə və səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
D.Orazov həmçinin vurğulayıb ki, Arkadağ şəhəri nisbətən yaxın vaxtlarda salınıb və artıq özünü "ağıllı, ekoloji cəhətdən təmiz və təhlükəsiz şəhər" kimi təsdiqləyib.