İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra yenidən istifadəyə verilməsi münasibətilə keçiriləcək tədbir təkcə nəqliyyat sektorunda deyil, bütövlükdə regionun iqtisadi və geosiyasi həyatında mühüm hadisə kimi qiymətləndirilir. Son illərdə qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər fonunda BTQ-nin imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi strategiyasının növbəti uğuru hesab olunur.
Tarixi İpək Yolunun müasir davamı
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əsası 2007-ci ildə qoyulub. Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanan razılaşmalar nəticəsində həyata keçirilən layihə 2017-ci il oktyabrın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və region ölkələrinin rəhbərlərinin iştirakı ilə istifadəyə verilib.
Ümumi uzunluğu 846 kilometr olan marşrutun 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir. Layihə çərçivəsində Gürcüstanın Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinədək yeni dəmir yolu xətti inşa olunub, mövcud infrastruktur isə yenilənib. BTQ xətti Avropa və Asiyanı birləşdirən ən qısa və təhlükəsiz quru marşrutlarından biri hesab olunur. Bu dəhliz vasitəsilə Çin, Mərkəzi Asiya, Xəzər regionu, Cənubi Qafqaz, Türkiyə və Avropa ölkələri arasında yükdaşımaların həyata keçirilməsi mümkün olub.
Azərbaycanın təşəbbüsü ilə reallaşan strateji layihə
Layihənin həyata keçirilməsində Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Məhz Azərbaycanın maliyyə dəstəyi hesabına Gürcüstan ərazisində infrastrukturun yenilənməsi mümkün olub. Bu addım region ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə və yeni nəqliyyat imkanlarının formalaşmasına mühüm töhfə verib.
Prezident İlham Əliyev çıxışlarında BTQ-ni Azərbaycanın geostrateji əhəmiyyətini artıran mühüm layihələrdən biri kimi xarakterizə edib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Bakı-Tbilisi-Qars yalnız dəmir yolu xətti deyil, ölkələri, iqtisadiyyatları və bazarları birləşdirən strateji körpüdür.
Niyə modernləşdirməyə ehtiyac yarandı?
Son illərdə dünya logistikasında müşahidə olunan dəyişikliklər, xüsusilə Orta Dəhlizə marağın sürətlə artması BTQ xəttinin mövcud imkanlarının genişləndirilməsini zəruri edib. Rusiyadan keçən Şimal marşrutuna alternativlərin aktuallaşması, Qırmızı dəniz və Süveyş kanalı istiqamətində yaranan risklər, eləcə də Çin–Avropa ticarət əlaqələrinin şaxələndirilməsi cəhdləri nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz qlobal yükdaşımalar üçün daha cəlbedici istiqamətə çevrilib. Bu marşrutun əsas quru komponentlərindən biri isə məhz Bakı–Tbilisi–Qars dəmir yolu xəttidir. Artan yük axınları fonunda xəttin texniki imkanlarının genişləndirilməsi zərurəti yaranıb və bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Gürcüstan ərazisində irimiqyaslı modernləşdirmə layihəsi həyata keçirilib.
184 kilometrlik hissədə geniş yenidənqurma işləri
Modernləşdirmə layihəsi BTQ-nin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsini əhatə edib. Beş mərhələdən ibarət layihə çərçivəsində 13 dəmir yolu stansiyası yenilənib, 55 körpü təmir və rekonstruksiya olunub, 8 dartı yarımstansiyası modernləşdirilib, 320 müxtəlif təyinatlı bina və mühəndis qurğusu yenidən qurulub, 30,3 kilometr uzunluğunda yeni dəmir yolu xətti çəkilib, 153,1 kilometrlik mövcud dəmir yolu əsaslı bərpa olunub, Axalkalakidə təkər cütlərinin dəyişdirilməsi stansiyasının imkanları artırılıb.
Layihə yalnız relslərin yenilənməsini deyil, həm də siqnalizasiya, rabitə, enerji təchizatı və təhlükəsizlik sistemlərinin müasirləşdirilməsini əhatə edib.
Yükötürmə qabiliyyəti 5 dəfə artırılıb
Modernləşdirmənin ən mühüm nəticəsi BTQ xəttinin yükötürmə qabiliyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi olub. Əgər əvvəlki mərhələdə xətt ildə təxminən 1 milyon ton yük qəbul edə bilirdisə, aparılan işlərdən sonra bu göstərici 5 milyon tona çatdırılıb. Bu, BTQ-ni Avrasiya məkanında ən perspektivli dəmir yolu marşrutlarından birinə çevirir. Yeni imkanlar hesabına konteyner daşımalarının həcminin artacağı, yük çatdırılma müddətlərinin azalacağı və logistika xərclərinin optimallaşdırılacağı gözlənilir.
Orta Dəhlizin əsas dayağı
Bu gün Orta Dəhliz Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutunu əhatə edən mühüm beynəlxalq nəqliyyat sistemidir. BTQ dəmir yolu həmin marşrutun əsas quru bağlantısı rolunu oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə birlikdə BTQ Azərbaycanın logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Son illərdə Çin və Mərkəzi Asiyadan Avropaya göndərilən konteyner qatarlarının sayı sürətlə artıb. Mütəxəssislər hesab edirlər ki, modernləşdirilmiş BTQ bu artım tempinin qorunmasına və daha da sürətlənməsinə imkan verəcək.
Azərbaycanın nəqliyyat mərkəzi kimi mövqeyi güclənir
Mayın 18-də Bakıda Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Bakı–Tbilisi–Qars layihəsi üzrə modernləşdirmə işlərinin tamamlanmasını təsdiq edən sənədin imzalanması layihənin uğurla yekunlaşdığını rəsmiləşdirdi. Bu hadisə Azərbaycanın son illərdə həyata keçirdiyi nəqliyyat və logistika siyasətinin növbəti mühüm nəticəsi kimi qiymətləndirilir.
Müasir beynəlxalq iqtisadi münasibətlər sistemində nəqliyyat dəhlizlərinə nəzarət və tranzit imkanlarının genişliyi ölkələrin geosiyasi çəkisini müəyyən edən əsas amillərdən birinə çevrilib. Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi də Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini daha da gücləndirir.
BTQ-nin yeni imkanları yalnız Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, bütövlükdə Avropa ilə Asiya arasında ticarət əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Bu xətt artıq sadəcə nəqliyyat layihəsi deyil, regionun iqtisadi inteqrasiyasını sürətləndirən və yeni əməkdaşlıq imkanları yaradan strateji inkişaf platformasına çevrilib.
Orxan Vahidoğlu, “İki sahil”