05 iyun 2026 19:03
121

Hüquqlarının qorunması uşağın özünəinamını necə formalaşdırır?

Psixoloq: Kiberbullinq və virtual asılılıq emosional inkişafa ciddi risk yaradır

Uşaqların hüquqlarının qorunması müasir cəmiyyətlərin ən mühüm prioritetlərindən biridir. Uşağın sağlam, təhlükəsiz və dəstəkləyici mühitdə böyüməsi onun gələcək inkişafını, sosial münasibətlərini və cəmiyyətə inteqrasiyasını birbaşa müəyyənləşdirir. Bu gün informasiya texnologiyalarının sürətli inkişafı, sosial dəyişikliklər və yeni psixoloji çağırışlar fonunda uşaq hüquqlarının qorunması məsələsi daha da aktuallaşıb.

Mövzu ilə bağlı suallarımızı cavablandıran Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirdi ki, uşaqların hüquqlarının təmin olunması yalnız hüquqi məsələ deyil, eyni zamanda,  onların emosional rifahı, psixoloji sağlamlığı və şəxsiyyət kimi formalaşması baxımından böyük əhəmiyyət daşıyır: "Müasir dövrdə uşaqların hüquqlarının qorunması məsələsi təkcə hüquqi deyil, həm də ciddi psixoloji məzmun daşıyan bir məsələdir. Bu gün uşaqların qarşılaşdığı çağırışlar əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb xarakter alıb. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması, ailədaxili münasibətlərdə baş verən dəyişikliklər və sosial təzyiqlər uşaqların psixoloji sağlamlığına birbaşa təsir göstərir.

Hazırda ən çox müşahidə olunan problemlərdən biri uşaqlar arasında emosional gərginliyin, təşviş hallarının və özünəinam çatışmazlığının artmasıdır. Bir çox uşaqlar ailə daxilində diqqət və emosional dəstək çatışmazlığı yaşayır. Digər tərəfdən, məktəb mühitində zorakılıq, bullinq və sosial təcrid halları da uşaqların psixoloji rifahına mənfi təsir göstərir. Son illərdə rəqəmsal mühitdə təhlükəsizlik məsələləri də xüsusi aktuallıq qazanıb. Kiberbullinq, sosial şəbəkələrdə müqayisə meyilləri, yanlış informasiya axını və virtual asılılıq uşaqların emosional inkişafına ciddi risk yaradır. Bəzi hallarda uşaqlar öz problemlərini valideynləri və müəllimləri ilə bölüşməkdə çətinlik çəkir, nəticədə daxili gərginlik daha da artır.

Bu gün əsas çağırışlardan biri uşağın yalnız fiziki təhlükəsizliyinin deyil, həm də psixoloji təhlükəsizliyinin təmin edilməsidir. Uşaq öz fikrini sərbəst ifadə edə bilməli, özünü dəyərli hiss etməli və sevgi ilə qəbul olunduğunu hiss etməlidir. Hüquqların qorunması məhz bu hisslərin formalaşdırılması ilə başlayır".

Bəs, uşaq hüquqlarının təmin olunması uşaqların emosional rifahına, özünəinamına və cəmiyyətə inteqrasiyasına necə təsir göstərir?

Psixoloq qeyd etdi ki, hüquqları təmin olunduqda uşaq özünü təhlükəsiz və qorunan hiss edir: "Təhlükəsizlik hissi isə sağlam şəxsiyyət inkişafının əsas təməlidir. Hüquqları qorunan uşaq bilir ki, onun fikri dinlənilir, hissləri nəzərə alınır və ehtiyacları diqqət mərkəzindədir. Belə uşaqlarda özünəinam daha yüksək olur. Onlar qərar qəbul etməkdə, ünsiyyət qurmaqda və sosial münasibətlər yaratmaqda daha uğurlu olurlar. Öz dəyərini hiss edən uşaq gələcəkdə cəmiyyətin fəal üzvünə çevrilir, təşəbbüskar olur və məsuliyyət hissi inkişaf edir. Əksinə, hüquqları pozulan, fikirləri nəzərə alınmayan və ya zorakılığa məruz qalan uşaqlarda qorxu, narahatlıq, aqressiv davranışlar və sosial uzaqlaşma halları daha çox müşahidə edilir. Bu hallar onların gələcək həyat keyfiyyətinə və cəmiyyətə uyğunlaşmasına mənfi təsir göstərə bilir. Emosional rifahı yüksək olan uşaqlar məktəbdə daha yaxşı nəticələr göstərir, dostluq münasibətlərini daha sağlam qurur və gələcəkdə peşəkar fəaliyyətlərində daha uğurlu olurlar. Bu baxımdan uşaq hüquqlarının qorunması əslində ölkənin gələcəyinə qoyulan ən mühüm investisiyalardan biridir".

Bu məsələdə ailənin, məktəbin və cəmiyyətin üzərinə hansı məsuliyyətlər düşür?

E. Rüstəmov vurğuladı ki, uşaq hüquqlarının qorunması yalnız bir qurumun və ya bir şəxsin vəzifəsi deyil: "Bu, ailənin, təhsil sisteminin, dövlət qurumlarının və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir. Ailə uşağın ilk sosial mühitidir. Uşaq dünyanı ilk dəfə ailədə tanıyır, özünü ilk dəfə ailədə dəyərləndirir. Buna görə də valideynlər uşaqların yalnız maddi ehtiyaclarını deyil, emosional ehtiyaclarını da qarşılamalıdırlar. Uşağı dinləmək, ona hörmətlə yanaşmaq, sevgini və qayğını hiss etdirmək onun hüquqlarının qorunmasının ən vacib elementlərindəndir. Məktəb isə uşağın sosiallaşdığı əsas mühitdir. Məktəblər təhlükəsiz, inklüziv və dəstəkləyici atmosfer yaratmalıdır. Müəllimlər yalnız bilik verən deyil, eyni zamanda, uşaqların emosional vəziyyətini müşahidə edən və onlara dəstək göstərən şəxslər olmalıdırlar. Məktəbdə bullinqə qarşı sıfır tolerantlıq yanaşması formalaşdırılmalıdır.

Cəmiyyətin üzərinə düşən əsas vəzifə isə uşaqlara hörmət mədəniyyətini gücləndirməkdir. Hər bir vətəndaş anlamalıdır ki, uşağın hüquqlarının qorunması yalnız ailənin işi deyil. Uşaqların təhlükəsizliyi, inkişafı və rifahı bütövlükdə cəmiyyətin gələcəyini müəyyən edən amillərdir".

Cəmiyyə və valideynlərə mesaj...

Psixoloq sonda diqqətə çatdırdı ki, uşaqlar bizim gələcəyimiz deyil, onlar bu günümüzün ən qiymətli hissəsidir: "Ona görə də uşaqların hüquqlarını qorumaq yalnız bayram günlərində yada düşəsi məsələ deyil, gündəlik həyatımızın ayrılmaz hissəsi olmalıdır.

Valideynlərə tövsiyəm budur ki, uşaqlarını daha çox dinləsinlər. Bəzən bir uşağın ən böyük ehtiyacı bahalı hədiyyə deyil, onun hisslərini anlayan bir valideyn diqqətidir. Uşaqların davranışlarının arxasında çox zaman ifadə edilməmiş hisslər və ehtiyaclar dayanır. Onları anlamağa çalışmaq, tənqid etməkdən daha vacibdir.

Cəmiyyətə mesajım isə budur ki, hər bir uşaq sevgi, hörmət, təhlükəsizlik və inkişaf imkanları ilə əhatə olunmalıdır. Uşaqlara verilən hər bir dəstək, göstərilən hər bir qayğı və yaradılan hər bir imkan gələcəyin daha sağlam, daha güclü və daha humanist cəmiyyətinin formalaşmasına xidmət edir".

Nigar Orucova, "İki sahil"