Rusiyanın Ukraynaya endirdiyi kütləvi zərbə nəticəsində 11 nəfər ölüb, 53 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Kiyevdə Kiyev-Peçersk Lavrası və "Mistetski arsenal" mədəniyyət kompleksinin ərazisindəki yanğınlar artıq söndürülüb.
"İki Rusiya dronu qəsdən şəhərin Lavra və "Mistetski arsenal"ın yerləşdiyi hissəsini hədəfə alıb. Hazırda Kiyevdə 35 nəfərin yaralandığı bildirilir. Bütün ölkə üzrə 53 nəfər yaralanıb, bu kütləvi hücum nəticəsində 11 nəfərin öldüyü məlumdur", - Zelenski qeyd edib.
O qeyd edib ki, Ukrayna tərəfi bu zərbənin nəticələri ilə əlaqədar Qərb tərəfdaşları ilə daimi əlaqədədir və zəruri cavab tədbirlərini müzakirə edir.
"Dövlət liderlərinin, ictimai xadimlərin və beynəlxalq təşkilatların susmaması vacibdir. Mən Ukraynanın Xarici İşlər Nazirliyinə və bütün diplomatik komandamıza tərəfdaşlarla əlaqələri maksimum dərəcədə artırmağı tapşırdım ki, bu və gələn həftə baş tutacaq beynəlxalq tədbirlər müdafiəmizin gücləndirilməsi və bu müharibəyə görə Rusiyaya qarşı qlobal təzyiqin artırılması üçün real nəticələr versin", - o vurğulayıb.