20 iyun 2026 20:02
87

BANM-da Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi etdiyi "Azerbaijan International Robotics Olympiad-AIRO 2026" Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-ın Beynəlxalq Robot Olimpiadası kimi nüfuzlu tədbirlərə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, bu cür yarışlar gənclərin robototexnikaya marağını daha da artırır. BANM-də tezliklə Robototexnika Mərkəzinin yaradılacağını da bildirən rektor bu sahəyə xüsusi diqqətin ayrılmasının vacib olduğunu vurğulayıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva bu cür müsabiqələrin gənclərin istedadlarının aşkarlanması üçün əvəzolunmaz platforma olduğunu qeyd edib. Bildirib ki, mühəndis düşüncəsinin inkişafı, gənclərin bilik və bacarıqlarının artırılması bu günün tələbidir və Bakı Ali Neft Məktəbi bu missiyanın öhdəsindən uğurla gəlir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova, "Azerbaijan International Robotics Olympiad"ın baş koordinatoru İmamir Mirzoyeva, "XBOT AZ" şirkətinin təsisçisi Erika Xu da çıxış edərək Beynəlxalq Robot Olimpiadasının uğurlu təşkili və əhəmiyyətindən danışıblar.

Tədbir çərçivəsində Bakı Ali Neft Məktəbi," XBOT AZ" və Çinin Yushu Technology Co., Ltd. şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, olimpiada BANM, Gənclər və İdman Nazirliyi, AzeRobot Education, İRİA, Bakı Abadlıq Xidməti, Maestro School, AKTA, XBOT və digər tərəfdaşların dəstəyi ilə keçirilir.

Artıq ikinci dəfədir təşkil olunan və 8 yaşdan yuxarı şagirdləri, tələbələri və robototexnika həvəskarlarını birləşdirən yarış texnologiya sahəsindəki gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsi üçün unikal platformadır.

Yarışda iştirak etmək üçün 8 fərqli ölkədən 733 iştirakçı, 356 komanda qeydiyyatdan keçib.

Yarışın xüsusi qonaqları sırasında Tokioda keçirilən "All Japan Robot Sumo Tournament" nümayəndələri, Rumıniyada təşkil olunan "Robochallenge" yarışının baş koordinatorları, həmçinin Türkiyədən olan sahə mütəxəssisləri yer alır. Onlar "Mega Sumo", "Mini Sumo" və digər kateqoriyalarda beynəlxalq hakimlər kimi çıxış edirlər.

Yarışın yekununda qaliblər elan ediləcək. Hər bir kateqoriyada fərqlənən iştirakçılara medallar, diplomlar və qiymətli mükafatlar təqdim olunacaq. Xüsusilə "Mega Sumo", "Mini Sumo" və "Mini Sumo kids" kateqoriyalarının qalibləri Yaponiya, Rumıniya və Yunanıstanda keçiriləcək beynəlxalq robot yarışlarında ölkəmizi təmsil etmək hüququ qazanırlar.