05 oktyabr 2026 17:01
97

Xəzər rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan “Müəllim: Təhsilin memarı, gələcəyin qurucusu” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Mərdəkan qəsəbəsində təşkil olunan tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Turanə Kərimova, Milli Məclisin deputatı Soltan Məmmədov, Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin rəisi, polkovnik Ruslan Həsənov, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, ETİHİ Xəzər Rayon Komitəsinin rəhbərliyi və əməkdaşları, həmçinin rayonun təhsil işçiləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında təhsil işçilərini 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. O, müəllimlərin gənc nəslin bilikli, savadlı, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişdirilməsində mühüm rolunu vurğulayıb, onların cəmiyyətin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.

ETİHİ Respublika Komitəsinin sədr müavini Turanə Kərimova müəllimləri peşə bayramı münasibətilə təbrik edərək təhsil işçilərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsinin həmkarlar ittifaqının fəaliyyətində əsas istiqamətlərdən biri olduğunu bildirib. Sədr müavini ittifaq üzvlərinin sosial rifahının yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Milli Məclisin deputatı Soltan Məmmədov, Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin rəisi, polkovnik Ruslan Həsənov və S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyev çıxışlarında müəllim əməyinin cəmiyyətin inkişafında, sağlam və savadlı nəslin formalaşmasında, ölkənin gələcəyinin qurulmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

Natiqlər təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirin sonunda təhsil sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup təhsil işçisinə Xəzər Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və ETİHİ Xəzər Rayon Komitəsinin fəxri fərman və təşəkkürnamələri təqdim olunub.

Tədbir bədii proqramla davam edib.