Müəllimlərin işə qəbulun mərkəzləşdirilmə məqsədi şəffaflıq və rüşvətlə mübarizədir
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulunun mərkəzləşdirilməsi artıq 2012-ci ildən tətbiq edilir və bu addım daha yaxşı müəllim seçməkdən çox, prosesi şəffaflaşdırmaq və rüşvətlə mübarizə aparmaq məqsədilə atılıb:
"Müəllimlərin işə qəbul prosesinin mərkəzləşdirilməsi ilə prosesin şəffaflığına nail olmuşuq. Müəllimləri işə qəbul edərkən hamıya eyni sualları veririk və həmin suallara ən çox düzgün cavab verən şəxsə birinci seçim hüququnu tanıyırıq. Bu proses tamamilə mərkəzləşdirilməmiş qaydada həyata keçirilə bilərmi? Məsələn, qiymətləndirməni nazirlik keçirir, amma müəssisə rəhbəri özü qərar verir ki, imtahandan keçmiş üç müəllimdən balı ən yüksək olmayanı, lakin öz fikrincə ən uyğun hesab etdiyi namizədi işə götürsün. Dünyada bu, demək olar ki, belə baş verir.
Burada bir neçə sual yaranır. Birincisi, müəssisə rəhbəri bunu düzgün və obyektiv şəkildə həyata keçirə biləcəkmi? Mən müəssisə rəhbəri deyəndə bizim kontekstdə təxminən dörd min nəfəri nəzərdə tuturam. Biz həmin insanlara inanırıq. Bəs cəmiyyət onlara inanırmı? Cəmiyyət bunu istəyirmi? Nazirlik belə bir səlahiyyət versə, həmin şəxslərin qərarları şəffaf hesab olunacaqmı?"
Nazir, həmçinin qeyd edib ki, bizim cəmiyyətin müsahibəyə inamı çox aşağıdır:
"Agentlik rəhbəri ən yüksək nəticə göstərən deyil, özünün ən uyğun bildiyi namizədi işə qəbul etsə, dərhal bunun ədalətsiz və qeyri-şəffaf seçim olduğu düşünüləcək. Bizim cəmiyyətimiz hələ ki, ən yüksək nəticə toplayanın işə qəbul olunmasına daha çox razıdır. Qarşılıqlı inam və seçim edənin qərarına hörmət çox ciddi dəyər transformasiyası tələb edir.
Biz hələ ki, bundan çox uzağıq. Bununla belə, məktəb direktorlarını artıq müsahibə əsasında seçməyə başlamışıq. Çünki bu yolu keçməliyik. Müsahibəyə kənardan müdaxilə olmamalıdır. Müsahibə başlamamışdan əvvəl müxtəlif yollarla özünüzün daha yaxşı namizəd olduğunuzu çatdırmağa çalışmamalısınız. Müsahibə aparan şəxs sizin haqqınızda əvvəlcədən məlumat almamalıdır. Amma çox hallarda insanlar hansısa yolla həmin vəzifəyə özlərini yerləşdirmək cəhdləri göstərirlər. Bu tip dəyişikliklər insan davranışında əsaslı dəyişiklik tələb edir".
Təhsil naziri: Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili bitirmək çətin olmalıdır
QHT-lər üçün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə infotur təşkil edilib