24 iyun 2026 11:44
94

Zeynal Nağdəliyev: Dövlət Proqramı pambıqçılığın və tekstil sənayesinin inkişafı üçün yeni imkanlar açacaq

Azərbaycanda pambıqçılığın inkişafı üzrə müəyyən edilmiş yeni hədəflər yalnız kənd təsərrüfatı istehsalının deyil, həm də emal və tekstil sənayesinin inkişafına xidmət edəcək.

“İki sahil” xəbər verir ki, bunu pambıqçılığın inkişafı məsələlərinə dair regional müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib.

O qeyd edib ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində pambıqçılığın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, suvarma imkanlarının genişləndirilməsi və fermerlərin gəlirlərinin yüksəldilməsi xüsusi yer tutur.

Prezidentin köməkçisi bildirib ki, proqram çərçivəsində yeni iplik, parça və tekstil müəssisələrinin yaradılması, emal avadanlıqlarının alınmasının dəstəklənməsi və pambıq ipliyinin daxili emal sənayesinə yönləndirilməsinin təşviqi nəzərdə tutulur.

Zeynal Nağdəliyev vurğulayıb ki, bu yanaşma pambığın yalnız xammal kimi ixracını azaltmağa, ölkə daxilində əlavə dəyər yaratmağa, qeyri-neft sektorunun inkişafına və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.