24 iyun 2026 11:50
82

Məhsuldarlığın 5 tona çatdırılması əsas hədəfdir

Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illərdə bu sahədə mühüm nailiyyətlər əldə olunub.

“İki sahil” xəbər verir ki, bu fikirləri pambıqçılığın inkişafı məsələlərinə dair regional müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib.

O qeyd edib ki, 2015-ci ildə ölkədə cəmi 18,7 min hektar sahədə pambıq əkilmiş və 35,2 min ton məhsul istehsal olunmuşdu. Prezident İlham Əliyevin tapşırıqları əsasında 2016-cı ildən etibarən pambıqçılığın inkişafı ilə bağlı genişmiqyaslı tədbirlərə başlanılıb, Dövlət Proqramı qəbul olunub, subsidiyalar tətbiq edilib, texnika parkı yenilənib və fermerlərlə emal müəssisələri arasında əməkdaşlıq gücləndirilib.

Zeynal Nağdəliyev vurğulayıb ki, görülən tədbirlər nəticəsində 2018-ci ildə pambıq əkinləri 132,5 min hektara çatıb, 233,6 min ton məhsul istehsal edilib. Sonrakı illərdə isə məhsuldarlığın artırılmasına üstünlük verilib. Ötən il 100,4 min hektar sahədən 362,9 min ton pambıq yığılaraq orta məhsuldarlıq 36,1 sentnerə çatdırılıb.

Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin hər hektardan ən azı 5 ton məhsul əldə olunması olduğunu bildirən Z.Nağdəliyev qeyd edib ki, bu məqsədlə müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək, texnika təminatı gücləndiriləcək və qabaqcıl aqrotexniki texnologiyaların tətbiqi artırılacaq.