Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsinə 30 illik işğal dövründə ərazilərin mina və partlamamış hərbi sursatlarla həddindən artıq çirkləndirilməsi, həyata keçirilmiş vandalizm nəticəsində infrastrukturun, yaşayış məntəqələrinin, landşaftın, relyefin, hətta məzar yerlərinin dağıdılması halları ilə yanaşı, Ermənistan tərəfinin dəfn yerləri barədə məlumatları təqdim etməməsi də ciddi təsir göstərir.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
Rəis müavini xatırladıb ki, 44 günlük müharibədən sonra mətbuata müsahibələr vermiş yüksəkrütbəli Ermənistan hərbçiləri, o cümlədən vaxtilə Ermənistanın müdafiə nazirinin müavini, sonradan Ermənistan parlamentinin deputatı olmuş general Qaqik Melkonyan, Samvel Babayan və digərləri itkin düşmüş Azərbaycan hərbçilərinin dəfn yerləri barədə məlumatlarının olduğunu dəfələrlə bildirsələr də, həmin məlumatlar hələ də Azərbaycan tərəfinə təqdim edilmir: "Hətta Ermənistanın müdafiə nazirinin müavini olmuş general Manvel Qriqoryan mətbuata verdiyi müsahibələrdə azərbaycanlı əsirləri şəxsən saxladığını etiraf etməkdən belə çəkinməyib. Hesab edirik ki, bütün bunlar hamılıqla qəbul edilmiş humanizm prinsiplərinə zidd olmaqla yanaşı, beynəlxalq humanitar hüquq normalarına təhdiddir. Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllində dünyaya açıqdır və bir daha bəyan edirik ki, Ermənistan tərəfi ilə bu sahədə əməkdaşlığa hazırıq".
Şərafət Həsənov diqqətə çatdırıb ki, 2023-cü ildən etibarən ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirlərə ev sahibliyi edir. Onun sözlərinə görə, cari ilin oktyabr ayında da Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş növbəti beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Rəis müavini qeyd edib ki, 2024-cü və 2025-ci illərdə Azərbaycanda keçirilmiş beynəlxalq konfransların yekun sənədləri BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb: "Bu, Azərbaycanın itkinlər mövzusuna ayırdığı diqqətə BMT strukturlarının verdiyi dəyərdir. İnanırıq ki, hazırkı konfrans çərçivəsində aparılacaq müzakirələr də itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verəcək".
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəzdində yeni şöbə yaradılacaq
Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir