ABŞ-ın Florida ştatının əsas hava limanlarından biri olan "Palm Beach" Beynəlxalq Hava Limanı rəsmən adını dəyişib.
“İki sahil” xəbər verir ki, "CBS News" da daxil olmaqla Amerikanın aparıcı media qurumlarının yaydığı məlumata görə, bura bundan sonra "Prezident Donald C. Tramp adına Beynəlxalq Hava Limanı" adlanacaq. Hava limanının adının dəyişdirilməsi haqqında qanun hələ cari ilin mart ayında ştatın qubernatoru Ron Desantis tərəfindən imzalanmışdı.
Ad dəyişikliyindən sonra hava limanına eniş edən ilk hava gəmisi elə Donald Trampın şəxsi təyyarəsi olub. ABŞ lideri onun "Mar-a-Laqo" malikanəsindən cəmi bir neçə mil məsafədə yerləşən bu hava limanından tez-tez istifadə edir. Qeyd edək ki, bundan əvvəl hava limanından sözügedən malikanəyə qədər uzanan magistral yolun bir hissəsinə də Trampın adı verilmişdi.
ABŞ-da qüvvədə olan qanunvericiliyə əsasən, yaşayan şəxslərin adları obyektlərə, küçələrə, gəmilərə və s. verilə bilər. Bu qaydadan yeganə istisna poçt markaları, əskinaslar, sikkələr və bir sıra coğrafi obyektlərdir. Bundan əlavə, ABŞ Konqresinin binasında yaşayan şəxslərin heykəllərinin ucaldılması da qadağandır.