10 iyul 2026 16:07
81

İspaniyada gizli Rusiya pasportu olan serjant dövlət sirrinə çıxışdan məhrum edilib

İspaniya Milli Məhkəməsi ölkənin Milli Kəşfiyyat Mərkəzinin (CNI) əslən ukraynalı olan İspaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) serjantını dövlət sirri statuslu məxfi məlumatlara çıxış hüququndan məhrum edilməsi barədə qərarını qüvvədə saxlayıb.

“İki sahil” xəbər verir ki, "El Pais" qəzetinin yaydığı məlumata görə, kəşfiyyat rəhbərliyi bu addımı hərbi qulluqçunun bir rusiyalı qadınla evlənməsini və Rusiya Federasiyası vətəndaşlığı almasını rəsmi orqanlardan gizlətməsi səbəbindən atıb.

Radioelektron mübarizə (REM) üzrə hərbi mütəxəssis olan bu şəxs İspaniya HDQ-nə məxsus və strateji məxfi məlumatlara birbaşa çıxışı olan "S-70 Galerna" sualtı qayığında xidmət edirdi. Kəşfiyyat Mərkəzi onun məxfi sənədlərlə işləmək icazəsini keçən ilin fevralında "maraqlar münaqişəsi" və "məxfi məlumatların qorunması üçün qəbuledilməz risklər" əsası ilə ləğv etmişdi.

Məlum olub ki, hərbi qulluqçu 2023-cü ilin dekabrında Türkiyədə Rusiya vətəndaşı olan bir xanımla ailə həyatı qurub. Kəşfiyyatın iddiasına görə, o, "şəxsi vəziyyətindəki hər bir mühüm dəyişiklik barədə xidmət etdiyi idarəni məlumatlandırmaq" öhdəliyi olmasına baxmayaraq, bu nikahı gizlədib.

Milli Kəşfiyyat Mərkəzinin araşdırması zamanı hərbi qulluqçu ilə bağlı digər ciddi faktlar da üzə çıxıb: Ukraynada doğulan və sonradan İspaniya vətəndaşlığı alan bu şəxs 2014-cü ildən sonra həm də Rusiya vətəndaşlığı aldığını gizlədib. O, sosial şəbəkələrdə fəal olub və öz hərbi peşəsini, xidmət yerini açıq şəkildə qeyd edib. Kəşfiyyatın qənaətinə görə, bu faktorlar həmin şəxsi Rusiya xüsusi xidmət orqanları üçün birbaşa hədəfə (potensial casusluq obyektinə) çevirib. Üstəlik, dindirilmə zamanı serjant qeyd edib ki, İspaniya ilə Rusiya arasında hər hansı hipotetik hərbi münaqişə baş verərsə, o, bu müharibədə iştirak etməməyi xahiş edəcək.

Məxfi məlumatlara çıxış icazəsi ləğv edildikdən sonra hərbi qulluqçu məhkəməyə müraciət edib. O, sualtı qayıqda işlədiyi sənədlər üçün heç bir təhlükə yaratmadığını, dindirilmə zamanı ona psixoloji təzyiq göstərildiyini və evliliyi barədə komandirlərindən birinə şifahi məlumat verdiyini iddia edib. Cütlük 2025-ci ilin aprelində nikahlarını İspaniyada da rəsmiləşdirib. Hərbi qulluqçu məhkəmə prosesi başladıqdan sonra Rusiya vətəndaşlığından imtina etdiyini də bildirib.

Lakin İspaniya Milli Məhkəməsi onun vəsatətini rədd edərək, Kəşfiyyat Mərkəzinin öz səlahiyyətlərini aşmadığına dair qərar çıxarıb. Məhkəmə qərarında serjantın "İspaniyaya sadiqliyinə dair ciddi şübhələrin" olduğu və onda Rusiya yönümlü meyllərin" sezildiyi vurğulanıb. Hərbi qulluqçunun vəkili isə bu qərardan İspaniya Ali Məhkəməsinə apellyasiya şikayəti verəcəklərini bəyan edib.