ABŞ iyulun 12-də gecə saatlarında İranın cənubundakı Bəndər Abbas və Sirik şəhərlərinə zərbələr endirib. IRIB telekanalı həmin ərazilərdə partlayış səsləri eşidildiyini bildirilib.
“İki sahil” İran mediasına istinadla xəbər verir ki, Hörmüz boğazı yaxınlığındakı Bəndər Abbasda üç, Sirikdə isə iki partlayış səsi eşidilib. Partlayışların Körfəzindəki Buşəhr və Əsəluyə şəhərlərində də eşidildiyi bildirilib.
Partlayışların dəqiq yerləri hələ müəyyən edilməyib. ABŞ Hərbi Komandanlığı (CENTCOM) isə İran ərazisində təqribən 140 hərbi hədəfin vurulduğu, ümumilikdə isə son üç gün ərzində 300-ə yaxın obyektə zərbə endirildiyi barədə məlumat yayıb.
Bu arada, İordaniya ordusunun açıqlamasında deyilir ki, iyulun 12-də səhər saatlarında İran ərazisindən atılan üç raket ölkənin müxtəlif bölgələrinə düşüb. Bəyanatda ölən və ya xəsarət alanların olmadığı, yalnız məhdud maddi ziyanın qeydə alındığı bildirilir. Qeyd olunur ki, raket parçalarının düşdüyü bölgələrə Kral Mühəndislik Korpusunun komandaları göndərilib, ərazilər mühasirəyə alınıb və raket qalıqları ilə bağlı texniki araşdırmalar və təhlükəsizlik prosedurları aparılır. “Ölkənin hava məkanı və ərazisi regional münaqişələrdə istifadə olunmayacaq və vətəndaşlarının suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə təhdid yaratmaq cəhdinə qətiyyətli cavab veriləcək”, -deyə Krallığın ordusu bildirib.
Qətər Daxili İşlər Nazirliyi isə İranın raket hücumu nəticəsində üç nəfərin, o cümlədən bir uşağın yaralandığı barədə məlumat yayıb. Rəsmi Doha ordu hissələrinin, xüsusən hava hücumundan müdafiə qüvvələrinin hazırlıq vəziyyətinə gətirildiyini bildirib.