02 avqust 2026 15:35
135

Təhsil tələbə kreditlərinə müraciət başlayır

3 avqust tarixindən etibarən 2026-2027-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciət dövrü başlayır.

“İki sahil” xəbər verir ki, Təhsil Tələbə Krediti Fondunun (TTKF) məlumatına görə, müraciətlər e-ttkf.edu.az portalı vasitəsilə qəbul edəcək.

Dövlət İmtahan Mərkəzinin qəbul müsabiqəsinin nəticələrinə əsasən magistratura səviyyəsinə yeni qəbul olunmuş tələbələr, eləcə də ali, orta ixtisas və peşə təhsili müəssisələrinin 2-ci və daha yuxarı kurslarında təhsil alan tələbələr həmin tarixdən etibarən portal üzərindən sosial və ya standart təhsil tələbə krediti üçün müraciət edə bilərlər. Bakalavriat səviyyəsinə yeni qəbul olunan tələbələr üçün isə müraciətlər ixtisas seçimi başa çatdıqdan sonra açılacaq.

Magistraturaya qəbul olunan tələbələr portal.edu.az sistemi vasitəsilə tələbə qeydiyyatını həyata keçirərkən paralel olaraq e-ttkf.edu.az portalı üzərindən təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.

"Qaydalara əsasən, birinci tədris ilinin ilk semestri üzrə standart təhsil tələbə kreditindən yararlanmaq üçün aşağıdakı minimal qəbul göstəriciləri müəyyən edilib:

Subbakalavr – minimum 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal;
Bakalavriat – minimum 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal;
Magistratura – minimum 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal;
SAT nəticələri əsasında qəbul olunanlar üçün – minimum 1200 bal;
Texniki və yüksək texniki peşə təhsili üzrə – attestatda müvafiq fənlər üzrə yekun qiymətlərin ədədi ortası minimum 3 olmalıdır.

Qeyd olunub ki, bu minimal göstəricilər yalnız standart təhsil tələbə kreditlərinə şamil edilir. Sosial təhsil tələbə kreditləri üzrə isə minimal qəbul balı tələbi tətbiq edilmir", - məlumatda bildirilib.

Qeyd edilib ki, bakalavriat və subbakalavr səviyyələrinə yeni qəbul olunan tələbələr ixtisas seçimini başa vurduqdan sonra təhsil müəssisəsində qeydiyyat zamanı paralel şəkildə e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciətlərini təqdim edə biləcəklər.