29 sentyabr 2026 23:37
160

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində açıq dərs

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi müasir əmək bazarının tələblərinə uyğun, praktik bacarıqlara malik ixtisaslı kadrların hazırlanmasını həyata keçirən peşə təhsili müəssisələrindən biridir.

Müəssisənin əsası 1943-cü ildə kənd təsərrüfatı mexanizatorlarının hazırlanması üzrə qısamüddətli kurs kimi qoyulub. Sonrakı illərdə müxtəlif inkişaf mərhələlərindən keçən müəssisə 1996-cı ildə Cəlilabad Peşə Liseyi statusu alıb. 2023-cü ildə Cəlilabad Peşə Məktəbi və Cəlilabad Peşə Liseyinin birləşdirilməsi nəticəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il iyulun 20-də  Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.

Peşə Təhsil Mərkəzində qənnadıçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılacaq.

Eyni zamanda, kənd təsərrüfatı mütəxəssislərinə artan tələbatı nəzərə alaraq bu sahə üzrə tədrisə xüsusi diqqət yetirilib. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanacaq.

Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bölgələrdə gənclərin yeni tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, eləcə də məşğulluq məsələlərinin həllinə xidmət edəcək.

Mərkəzdə kənd təsərrüfatı, ağac emalı və mebel sənayesi, avtomobil, elektrik, informasiya texnologiyaları, alternativ enerji, iaşə, tikiş, inşaat və digər istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir.

Hazırda Mərkəzdə I korpus da daxil olmaqla 36 ixtisas üzrə 65 qrupda 1134 nəfər təhsilalan təhsil alır. Onlardan 248 nəfəri qadındır. Tədris prosesi birnövbəli təşkil olunur. Mərkəzdə tədris və inzibati fəaliyyətin həyata keçirilməsini təmin edən 179 nəfərlik əməkdaş heyəti fəaliyyət göstərir.

Təhsilalanların nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda, Mərkəzdə Mebel ustası və Aşbaz ixtisasları üzrə  tələbənin cəlb olunduğu dual təhsil proqramı həyata keçirilir və “Wood Pecker” şirkəti və “Masallı Hotel” ilə əməkdaşlıq edilir.

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi gənclərin peşə hazırlığının gücləndirilməsi, onların əmək bazarına hazırlanması və praktiki bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.  Bu istiqamətdə Mərkəzdə yalnız peşə hazırlığı deyil, eyni zamanda, tələbə-gənclərin dünyagörüşünün, milli-mənəvi dəyərlərə bağlılığının və tarixi yaddaşının formalaşdırılmasına yönəlmiş müxtəlif maarifləndirici tədbirlər də keçirilir.

Bu məqsədlə 26 sentyabr 2026-cı il tarixində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Qərbi Azərbaycan – əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərs keçirilib. Tədbirin əvəlində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə dəyərli kitabların hədiyyə olunub.

Dərsdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşları Hilal Salmanov və Rövşən Ağayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Məmmədov, həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, müəllim və tələbə kollektivi iştirak edib.

Tədbirin açılışında Mərkəzin direktoru Ramil Əmənov çıxış edərək mövzunun gənc nəslin tarixi yaddaşının formalaşması və milli-mədəni irsin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dilçi alim, professor Mahirə Hüseynova ”Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda çıxış edib. Çıxış zamanı Qərbi Azərbaycanın tarixi, mədəni irsi, milli yaddaş və bu irsin gənc nəslə çatdırılmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Dərsdə tələbələrin iştirakı ilə sual-cavab və fikir mübadiləsi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri çıxış edərək gənclərin tarixi yaddaşın qorunması, milli-mədəni dəyərlərin öyrənilməsi və bu istiqamətdə aparılan maarifləndirici işlərin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, bu cür maarifləndirici tədbirlər gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mədəni irsin öyrənilməsi və mövzu ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir.

Rövşən Ağayev