Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Pirməmmədov Niyaz Vasif oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 2001-ci il təvəllüdlü Fətəliyev Məhəbbət Şövkət oğlu, 2000-ci il təvəllüdlü Mustafayev Sahil Bəhruz oğlu, 2001-ci il təvəllüdlü Cəlalov Elburus Zümrüd oğlu xilas edilib.