03 avqust 2026 18:25
115

Kəlbəcərdə vandalizmə məruz qalmış qəbiristanlıqların vəziyyəti nəzərdən keçirilib

Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev rayon ərazisində yerləşən qəbiristanlıqlara baxış keçiriblər.

“İki sahil” xəbər verir ki,  Dövlət Komitəsindən bildirilib ki, işğal dövründə vandalizmə məruz qalmış və dağıdılmış qəbiristanlıqların mövcud vəziyyəti nəzərdən keçirilib, bu ərazilərdə görüləcək quruculuq və abadlıq işləri, tarixi-mədəni irs nümunələrinin qorunması, gələcək nəsillərə çatdırılması istiqamətində planlaşdırılan tədbirlər müzakirə edilib.

Qeyd olunub ki, bu məkanlar xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və mədəni irsinin mühüm daşıyıcılarıdır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə qəbiristanlıqların bərpası, mühafizəsi və dövlət reyestrinin aparılması xüsusi əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində Kəlbəcər rayon sakinləri ilə də görüş keçirilib. Görüşdə rayonun tarixi-mədəni və dini irsinin, o cümlədən qəbiristanlıqların bərpası, abadlaşdırılması və gələcəkdə sistemli şəkildə idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb, vətəndaşların rəy və təklifləri dinlənilib.