Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunda zəncirvari qəza baş verib.
"İki sahil"in Şimal bürosu bildirir ki, hadisə, avtomobil yolunun Quba rayonu ərazisindən keçən hissəsində baş verib. Yük avtomobili ilə minik avtomobillərinin iştirakı ilə baş verən qəzada bir neçə nəfər xəsarətlər alıb. İlkin məlumata görə, yaralılar arasında uşaq və qadınlar da var.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasının "Reanimasiya şöbəsi"nə yerləşdirilib. Müalicə və müayinələri davam etdirilir.
***
Quba rayonu Pirvahid kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2 kişi, 2 qadın, 1 azyaşlı) 06.08.2026-cı il tarixində saat 09:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qabırğa sınıqları, baş beyin silkələnməsi, açıq kəllə-beyin travması və komatoz vəziyyət diaqnozları təyin edilib.
1973-cü il təvəllüdlü (kişi) və 2021-ci il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır qiymətləndirilir.
Digər 3 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Aydın Adıgözəlov,
Quba, "İki sahil"in Şimal bürosundan