06 avqust 2026 12:04
125

Dövlət Komitəsi vahid aylıq müavinətin təyin edilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib

Son vaxtlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə vahid aylıq müavinətin ödənilməsi ilə bağlı yazılı və şifahi müraciətlərin sayı artıb. Xüsusilə valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan şəxslər onlara vahid aylıq müavinətin niyə təyin edilmədiyi ilə bağlı suallar ünvanlayırlar.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, vahid aylıq müavinət işğal nəticəsində doğma torpaqlarından, daşınmaz əmlakından və əvvəlki mənzil-məişət şəraitindən məhrum olmuş şəxslərə dövlət tərəfindən göstərilən sosial dəstək mexanizmlərindən biridir. Müavinətin təyin edilməsi Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə tənzimlənir.

“Məcburi köçkün” statusu (vəsiqəsi) olan şəxslərin heç də hamısına vahid aylıq müavinət təyin edilmir. Belə ki, mövcud Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan şəxslərə vahid aylıq müavinət verilmir. Bu proses qanunvericiliklə müəyyən edilmiş meyarlar əsasında həyata keçirilir və dövlət büdcəsi vəsaitlərinin yalnız bu meyarlara uyğun şəxslərə yönəldilməsi təmin olunur.

Əvvəlki dövrlərdə Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (ƏHALİ) bazası ilə Dövlət Sosial Müdafiə Fondu və Dövlət Komitəsinin məlumat bazaları tam elektron inteqrasiya olunmadığından Qaydanın 2.6-cı bəndinə aid hallar bəzi hallarda yalnız seçmə və fərdi yoxlamalar zamanı müəyyən edilirdi. Hazırda dövlət informasiya ehtiyatlarının çarpaz inteqrasiyası nəticəsində qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğun olmayan hallar daha operativ aşkarlanaraq müvafiq ödənişlər dayandırılır.

Eyni zamanda, monitorinqlər zamanı vahid aylıq müavinətin təyin edilməsi üçün müəyyən edilmiş digər şərtlərə uyğunluq da yoxlanılır. Belə hallara şəxsin adına daşınmaz əmlakın (ev, mənzil) alınması, VÖEN əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması, nikah qeydiyyatı nəticəsində statusunun dəyişməsi, həmçinin təqvim ili ərzində müxtəlif dövrlərdə xaricdə ümumilikdə 182 gündən artıq yaşaması daxildir.

Qeyd edilib ki, sosial ödənişlərlə bağlı məsələlərin vətəndaşlar üçün həssas xarakter daşıdığı Komitə tərəfindən nəzərə alınır. Bununla yanaşı, dövlət büdcəsi hesabına həyata keçirilən sosial ödənişlərin təyin edilməsində qanunvericiliklə müəyyən edilmiş tələblərin tətbiqi təmin olunur.