11 avqust 2026 12:34
118

Çevik iş rejimi əmək məhsuldarlığına necə təsir edəcək?

Ekspert: İşçinin iş qrafikini daha rahat planlaşdıra bilməsi nəticə etibarilə məhsuldarlığın yüksəlməsinə səbəb ola bilər

Əmək bazarında dəyişən tələblər iş rejimlərinə də yeni yanaşmanı zəruri edir. Rəqəmsallaşma, yeni iş formalarının yaranması və işçilərin işlə şəxsi həyat arasında balans yaratmaq ehtiyacı çevik iş vaxtı modellərinə marağı artırır. Azərbaycanda da beynəlxalq təcrübə əsasında belə modellərin yaradılması nəzərdə tutulur. Bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Sənədə əsasən, 2026–2030-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə bu istiqamətdə tədbirlər həyata keçirəcək. İlkin mərhələdə beynəlxalq təcrübə araşdırılacaq, daha sonra çevik iş vaxtını tənzimləyəcək normativ hüquqi akt layihələri hazırlanacaq və yekunda bu rejimin Azərbaycanda tətbiqi təmin olunacaq.

Çevik iş vaxtının əsas mahiyyəti işçiyə müəyyən edilmiş çərçivə daxilində iş qrafikini daha sərbəst təşkil etmək imkanı verməsidir. Bu, işə başlama və işi başa çatdırma saatlarının dəyişdirilməsi, həftəlik iş saatlarının günlər üzrə fərqli bölüşdürülməsi və ya müəyyən əsas saatlar çərçivəsində fərdi qrafikin tətbiqi formasında ola bilər. Beynəlxalq təcrübədə çevik iş rejiminin müxtəlif modelləri mövcuddur. Onların ümumi prinsiplərindən biri işçinin əmək hüquqlarının qorunması və iş vaxtının qanunvericiliklə müəyyən edilmiş çərçivədə tənzimlənməsidir.

Azərbaycanda tətbiq ediləcək modelin ölkənin əmək bazarının xüsusiyyətlərinə uyğunlaşdırılması vacib olacaq. Belə iş rejimi insanların gündəlik həyat şəraitini və şəxsi öhdəliklərini nəzərə almaqla vaxtın daha səmərəli planlaşdırılmasına imkan yarada bilər. Standart iş qrafikinə tam uyğunlaşa bilməyən şəxslər üçün çevik rejim iş və şəxsi həyat arasında balansın qorunmasını asanlaşdıra, əmək bazarında iştirak imkanlarını genişləndirə bilər.

Bu model işəgötürənlər üçün də müəyyən üstünlüklər vəd edir. Əmək bazarında peşəkar kadrlara tələbin artdığı bir dövrdə iş şəraiti və qrafik işçinin iş yeri seçimində mühüm amilə çevrilir. Çevik rejim şirkətlərə bacarıqlı əməkdaşların cəlb olunması və saxlanılması baxımından əlavə imkan verə bilər. Eyni zamanda işçinin fəaliyyətini daha rahat planlaşdıra bildiyi şəraitdə məhsuldarlığın artması da mümkündür. Beləliklə, ənənəvi iş modelində əsas göstəricilərdən biri olan iş yerində keçirilən vaxtdan daha çox nəticə və performans ön plana çıxa bilər.

Sahələrə görə fərqli model

Bununla belə, bütün sahələrdə eyni çevik iş modelindən istifadə etmək mümkün deyil. İnformasiya texnologiyaları, maliyyə, konsaltinq və bir sıra xidmət sahələrində belə rejimin tətbiqi daha asan ola bilər. Səhiyyə, nəqliyyat, istehsalat və fasiləsiz fəaliyyət tələb edən digər sahələrdə isə işin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Buna görə də Azərbaycanda hazırlanacaq mexanizmin müxtəlif peşə və fəaliyyət istiqamətlərinə uyğunlaşdırılması vacibdir.

Digər mühüm məsələ işçi hüquqlarının qorunmasıdır. Çevik iş vaxtı işçinin daha çox işləməsi və ya iş saatlarının qeyri-müəyyənləşməsi demək deyil. İş vaxtının uçotu, istirahət müddəti, əlavə iş və əməkhaqqı ilə bağlı qaydalar aydın müəyyən edilməlidir. Xüsusilə rəqəmsal iş mühitində işçinin müəyyən edilmiş iş saatlarından kənarda tapşırıqları yerinə yetirməyə məcbur edilməsinin qarşısının alınması mühüm şərtlərdən biridir.

Hüquqi çərçivə əsas şərtdir

Bu baxımdan Tədbirlər Planında əvvəlcə beynəlxalq təcrübənin araşdırılmasının nəzərdə tutulması məqsədəuyğun yanaşmadır. Müxtəlif ölkələrdə tətbiq edilən modellər öyrənilərək onların üstünlükləri ilə yanaşı, qarşılaşdıqları problemlər də nəzərə alına bilər. Əsas məqsəd xarici təcrübəni olduğu kimi köçürmək deyil, səmərəli mexanizmləri Azərbaycanın əmək bazarının xüsusiyyətlərinə uyğunlaşdırmaqdır.

Məsələnin digər mühüm tərəfi isə çevik iş rejiminin insan resurslarının idarə edilməsinə təsiridir. Çünki bu model yalnız işçinin qrafikində dəyişiklik yaratmır, eyni zamanda işəgötürənin əməkdaşların fəaliyyətini qiymətləndirmə, motivasiya və məhsuldarlıq yanaşmalarını da yeniləməsini tələb edir. Ənənəvi iş modelində əsas göstəricilərdən biri işçinin iş yerində keçirdiyi vaxt olduğu halda, çevik sistemdə nəticə və performans daha çox ön plana çıxır. Bu baxımdan çevik iş vaxtının HR idarəetməsi baxımından hansı imkanlar yaratdığı xüsusilə diqqət çəkir.

Çevik iş rejimi əmək bazarına daha çox insanı cəlb edə bilər

İnsan Resursları (HR) üzrə mütəxəssis Sevda Quliyeva “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycanda çevik iş vaxtı rejiminin tətbiqi əmək bazarı üçün kifayət qədər müsbət dəyişikliklər yarada bilər. Xüsusilə müasir əmək bazarında işçinin yalnız ofisdə keçirdiyi saat deyil, gördüyü işin nəticəsi və məhsuldarlığı daha önəmli olmalıdır. Çevik iş rejimi düzgün tətbiq olunarsa, işçilərin iş və şəxsi həyat balansını yaxşılaşdırmaqla yanaşı, motivasiyanın və işə bağlılığın artmasına, nəticə etibarilə məhsuldarlığın yüksəlməsinə səbəb ola bilər.

Digər mühüm üstünlük isə əmək bazarında daha geniş iştirak imkanlarının yaranmasıdır. Çevik və hibrid iş modelləri müəyyən səbəblərdən tam iş vaxtında və ənənəvi formada işləyə bilməyən şəxslərin əmək bazarına daha aktiv qoşulmasına şərait yarada bilər. Eyni zamanda şirkətlər üçün regionlardan və fərqli coğrafi ərazilərdən istedadların cəlb edilməsi imkanları genişlənə bilər.

Qrafikin dəyişməsi kifayət etmir, qaydalar da aydın olmalıdır

Burada əsas məsələ çevik iş rejiminin sadəcə iş saatlarının dəyişdirilməsi kimi deyil, aydın hüquqi çərçivə, ölçülə bilən performans göstəriciləri və həm işçinin, həm də işəgötürənin hüquqlarını qoruyan mexanizm kimi qurulmasıdır. Düşünürəm ki, beynəlxalq təcrübənin araşdırılması və Azərbaycan əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla mərhələli tətbiq bu modelin daha effektiv nəticə verməsinə imkan yaradacaq.

Ümumilikdə, düzgün tənzimləndiyi halda çevik iş vaxtı rejimi həm işçi məmnuniyyətinin və məhsuldarlığın artmasına, həm də daha müasir, inklüziv və rəqabətqabiliyyətli əmək bazarının formalaşmasına ciddi töhfə verə bilər.

Nigar Orucova, "İki sahil"