11 avqust 2026 21:33
104

Yaddaşlarda əbədi yaşayan Vətən sevdalısı

Vətən müharibəsində 44 günə  düşməni darmadağın edən ordumuzun əsgər və zabitləri  Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu  bütün dünyaya göstərdi. 1997-ci ildə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində anadan olan Natiq Sahib oğlu Məmmədov da bu şanlı tarixi yazanların önündə gedib. Canını Vətənə fəda edən   Natiq  bütöv bir xalqın  qəhrəmanlıq simvoluna çevirməklə  ölməzliyə qovuşub. Qərinələr ötəcək şərəfli ömür yolu  gələcək  nəsillər üçün də örnək olacaqdır. Torpağı qanı bahasına  Vətən edib müqəddəsləşdirən oğullar heç vaxt ölmürlər.

Natiq Məmmədov  orta məktəbi başa vuranda  Vətənə əsgər olub onun  keşiyində durmağı  bütün arzuların  zirvəsi sayıb. Odur ki, yaşıdları kimi onu  ordu sıralarına çağırılanda sevinc hissi keçirdib. Bir də məktəb illərində  bu günü böyük intizarla gözləyib. Axı, canından artıq sevdiyi yurdunun bir parçası yağı  basqınına məruz qalmışdı. Belə bir gündə Vətənin   keşiyində durmaq, onu erməni dığalardan qorumaq  üçün qeyrətli, cəsur oğlanlar lazım idi.

Bəli, Natiq Məmmədov cəbhə bölgəsində əlində silah,   hər qarış torpağına bağlandığı doğma Azərbaycana  layiqli əsgər olaraq komandirlərin tapşırıqlarını  qüsursuz yerinə yetirib.  Nümunəvi xidməti, bilik və bacarığı, cəsarəti hərbi hissədə  ona hamının rəğbət və hörmətini qazandırıb. Ən əsası əsgər Natiqin qəlbi düşmən tapdağında qalan torpaqların  azad edilməsi istəyi ilə alışıb-yanıb. Odur  ki, təlim-məşqlərdə fəal iştirak edərək hərbi bilikləri dərindən mənimsəyib.

Əsgərlik həyatı fədakarlıqla, mərdliklə, həmçinin qürur doğuran məqamlarla dolu olan, Vətəni, torpağı canından artıq sevən Natiq Məmmədovu  gizirlik məktəbinə göndəriblər. Bununla da ömrünü tamam hərbiyə bağlamaqla gizir rütbəsində   xidmətini yenidən davam edib, dığalardan qisas almaqdan ötrü  məqam axtarıb.  Azərbaycanın müqəddəs bir parçası olan Qarabağı yağıdan  azad etmək, bu yolda  son damla qanınadək vuruşmaq Natiqin  əsas amalına dönüb.

 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi  başladığı ilk günlərdən silaha sarılan, qələbə ovqatı ilə döyüşən Natiq Məmmədov  Vətən təəssübünü çəkə-çəkə ən qaynar  nöqtələrə can atıb.  Müharibə meydanında  yağıya qarşı ilk həmlədən seçilib. Cəsarətlə vuruşub, sarsıdıcı zərbələr vurmaqla dığalara ciddi itkilər verib. Nəticədə 30 il Qarabağı əsarətdə saxlayan düşmən Natiq kimi qeyrətli oğulların  sayəsində    məğlubiyyətin acısını dadmaqla tələm-tələsik mövqelərini tərk edib qaçmağa üz qoyub. İgid döyüşçü  hər dəfə də  düşmənlə üz-üzə gələndə yaşının çərçivəsinə sığmayan qəhrəmanlıq göstərib.

Neçə-neçə ölüm-dirim savaşlardan zəfərlə çıxan Natiq son nəfəsdə də yağıya qan qusdurub.  Təəssüflər olsun ki, Xocavəndin azadlığı uğrunda gedən əməliyyatlarda növbəti  döyüş tapşırığını  yerinə yetirərkən yağı gülləsi ürəyinə dəyib. Onun şəhadətə qovuşduğu ulu torpağa daha bir qələbə  bayrağımız sancılıb. Natiq Məmmədov könüllərə köçüb əbədilik  qazanmaqla bərabər, həm də ölümündən sonra dövlət tərəfindən  “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və digər medallara layiq görülüb.

Biləsuvar elinin qəhrəman oğlu Natiq Məmmədov  ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma Vətən torpaqlarının mənfur erməni dığalardan  təmizlənməsi  uğrunda  gedən döyüşlərdə canını fəda  etməklə adını yeni, şanlı tariximizə yazıb. O,  qısa, amma olduqca şərəfli, gələcək nəsillərə nümunə olacaq bir ömür yaşadı. 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü