12 avqust 2026 10:30
123

İş vaxtı dəyişir, bəs psixoloji təsirləri necə olacaq?

Psixoloq: İşlə istirahət arasındakı sərhəd qorunmadıqda zamanla stress, gərginlik, aqressivlik və psixoloji narahatlıq arta bilər

Əmək bazarında çevik iş modellərinin tətbiqi artıq yalnız iş qrafikinin dəyişdirilməsi məsələsi deyil. Müasir əmək münasibətlərində işçinin vaxtını daha səmərəli idarə etməsi, iş və şəxsi həyat arasında balans yaratması, eyni zamanda işəgötürənin fəaliyyətinin effektivliyinin qorunması əsas məsələlərdən birinə çevrilir. Bu baxımdan çevik iş vaxtı rejiminin Azərbaycanda tətbiqinin nəzərdə tutulması əmək münasibətlərində yeni yanaşmanın formalaşması baxımından diqqət çəkir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması nəzərdə tutulur. İlk mərhələdə müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi, daha sonra isə bu sahəni tənzimləyəcək normativ hüquqi aktların hazırlanması planlaşdırılır. Bu isə gələcəkdə iş rejiminin daha çevik formalarının əmək münasibətlərinə daxil edilməsinə hüquqi zəmin yaradacaq.

Çevik iş vaxtının işçi və işəgötürən üçün iqtisadi və təşkilati üstünlükləri ilə yanaşı, onun psixoloji tərəfi də xüsusi əhəmiyyət daşıyır. İş qrafikinin daha sərbəst təşkili bir tərəfdən insanın gündəlik həyatını planlaşdırmasını asanlaşdıra, ailə və şəxsi həyata daha çox vaxt ayırmasına imkan yarada bilər. Digər tərəfdən isə iş və istirahət arasındakı sərhədlər düzgün müəyyən edilmədikdə çeviklik əlavə stress və psixoloji gərginlik mənbəyinə çevrilə bilər.

Xüsusilə rəqəmsal texnologiyaların iş həyatında rolunun artdığı bir şəraitdə işçinin iş vaxtı başa çatdıqdan sonra da işlə bağlı zəng və mesajlara cavab verməsi, tapşırıqları yerinə yetirməsi onun istirahət imkanlarını məhdudlaşdıra bilər. Bu səbəbdən çevik iş rejiminin uğurlu tətbiqi yalnız iş saatlarının elastikləşdirilməsindən deyil, həm də işçinin istirahət hüququnun qorunmasından və işlə şəxsi həyat arasında aydın sərhədlərin müəyyənləşdirilməsindən asılı olacaq.

Günün ritmi dəyişəndə insan da dəyişir

Məsələnin psixoloji aspektlərinə diqqət çəkən psixoloq Gülnar Orucova “İki sahil”ə açıqlamasında bildirdi ki, çevik iş vaxtı düzgün təşkil edildikdə və işçilərin ehtiyacları nəzərə alınaraq tətbiq olunduqda, onların psixoloji rahatlığına müsbət təsir göstərir. Bu iş rejiminin mənfi tərəfləri də olsa, müsbət cəhətləri daha çoxdur.

Çevik iş vaxtı insanın gününü daha planlı şəkildə təşkil etməsinə imkan verir. İşçi günün hansı hissəsini işə, hansı hissəsini istirahətə və ailəsinə ayıracağını əvvəlcədən müəyyənləşdirə bilir. Xüsusilə ailəli insanlar üçün çevik iş rejimi daha əlverişli hesab oluna bilər. Çünki onlar ailələrinə ayıracaqları vaxtı əvvəlcədən planlaşdıra bilirlər.

Azadlıq hissi məsuliyyət də tələb edir

Təbii ki, çevik iş rejiminin müəyyən mənfi tərəfləri də var. Lakin bunlar daha çox istisna hallarda müşahidə olunur və hər kəsə şamil edilə bilməz. Məsələn, iş və istirahət vaxtını bir-birindən ayıra bilməyən insanlarda çevik iş rejimi sanki daim iş rejimində olmaq hissi yarada bilər. Bu isə zamanla stressin və gərginliyin artmasına, aqressivliyin yaranmasına və psixoloji narahatlığa səbəb ola bilər.

Ona görə də xüsusilə çevik iş rejiminə keçid zamanı insanlar öz iş və şəxsi həyatlarını düzgün planlaşdırmalıdırlar. Vaxt düzgün bölüşdürülmədikdə insan özünü davamlı olaraq gərgin və iş rejimində hiss edə bilər. Bu da həm psixoloji vəziyyətə, həm də ümumi sağlamlığa mənfi təsir göstərə bilər.

“İşdən çıxdım” demək kifayət etməyəndə

Digər mühüm məqam isə işəgötürənlərin işçilərin istirahət vaxtına müdaxilə etməməsidir. Bəzən çevik iş rejimi tətbiq olunsa da, işçilərdən istirahət saatlarında işlə bağlı məsələlərə cavab vermələri tələb olunur. Bu halda işçinin istirahəti pozulur və nəticədə iş fəaliyyətində səmərəliliyin azalması, performans göstəricilərinin aşağı düşməsi müşahidə oluna bilər.

Əgər çevik iş rejimi tətbiq edilirsə, işçilərin istirahət vaxtına hörmət edilməlidir. İstirahət saatlarında işçilər rəhbərlik tərəfindən narahat edilməməlidirlər. Çünki həmin vaxt işçinin şəxsi həyatına və istirahətinə ayırdığı planlaşdırılmış müddətdir. Bu rejimin pozulması isə zamanla əlavə gərginliyə və psixoloji narahatlığa səbəb ola bilər.

Nigar Orucova, "İki sahil"