18 avqust 2026 11:33
74

Ay tutulmasına 32 dəqiqəlik baxış: Azərbaycanda səmanı nə gözləyir?

Avqustun 28-də ilin ikinci Ay tutulması baş verəcək. Hadisənin müxtəlif mərhələləri bir neçə saat davam etsə də, Azərbaycandan yalnız başlanğıc hissəsini izləmək mümkün olacaq. Buna səbəb tutulmanın əsas mərhələlərinin ölkəmizdə Ay üfüqdən batdıqdan sonra baş verməsidir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, yarımkölgəli tutulma saat 05:23:55-də başlayacaq. Qismən tutulmanın başlanğıcı 06:33:48-ə, maksimum mərhələ 08:12:53-ə təsadüf edəcək. Qismən tutulma 09:51:55-də, yarımkölgəli mərhələ isə 11:01:41-də başa çatacaq.

Ay tutulması baş verəcək, lakin tam şəkildə görünməyəcək

Ölkəmizin ərazisində isə hadisənin yalnız 05:23-dən 05:55-ə qədər olan hissəsini görmək mümkün olacaq. Təxminən 32 dəqiqəlik bu müddətdən sonra Ay üfüqdən batacaq və müşahidə dayanacaq. Beləliklə, tutulmanın qismən mərhələsi və maksimumu ölkəmizdən görünməyəcək.

Ay tutulması Günəş, Yer və Ayın müəyyən astronomik düzülüşü zamanı yaranır. Yer Günəşlə Ayın arasına daxil olduqda planetimizin kölgəsi peykin səthinə düşür. Kölgənin Ayı nə qədər əhatə etməsindən asılı olaraq tam və ya qismən tutulma baş verir.

Ayın bir tərəfi niyə qaralır və bu nə deməkdir?

Qeyd olunan tarixdə Ayın yalnız bir hissəsi Yerin əsas kölgəsinə düşəcək. Bu səbəbdən səmanı müşahidə edənlər onun bir tərəfinin daha tünd, digər hissəsinin isə işıqlı qaldığını görə bilərlər. Hadisə əvvəlcə yarımkölgəli mərhələdən keçəcək. Bu zaman parlaqlıq dəyişikliyi zəif olduğundan tutulmanı fərq etmək daha çətin ola bilər. Qismən mərhələdə isə kölgə daha aydın görünür.

Tutulmanın ölkəmizdən tam müşahidə olunmaması astronomik hadisənin özünəməxsus xüsusiyyəti deyil. Yer kürəsinin müxtəlif nöqtələrində müşahidə şəraiti fərqlənir. Bir ərazidə tutulmanın başlanğıcı, digərində maksimumu, başqa bir yerdə isə son mərhələsi görünə bilər. Bunun əsas səbəblərindən biri həmin vaxt Ayın üfüqdən yuxarıda olub-olmamasıdır.

Avqustun 28-də hadisə Avropa, Afrika, Asiya və Amerikanın müxtəlif ərazilərindən müşahidə ediləcək. Azərbaycanda isə coğrafi mövqeyimiz səbəbindən yalnız ilk mərhələnin bir hissəsini izləmək mümkün olacaq.

Səhər tezdən göyə baxanları nə gözləyir?

Ay tutulmasını adi gözlə müşahidə etmək təhlükəsizdir və bunun üçün Günəş tutulmasında olduğu kimi xüsusi qoruyucu eynək tələb olunmur. Lakin Ayın səhər saatlarında üfüqə yaxın olması müşahidəni çətinləşdirə bilər. Hündür binalar, ağaclar, dağlıq ərazi və digər maneələr görüntünü məhdudlaşdıra bilər. Açıq üfüqə malik məkan seçilməsi daha məqsədəuyğundur.

Ay tutulmalarının hər ay baş verməməsinin səbəbi də Yerin və Ayın orbitlərinin xüsusiyyətləri ilə bağlıdır. Ayın Yer ətrafındakı orbitinin müstəvisi Yer kürəsinin Günəş ətrafında hərəkət etdiyi müstəvi ilə tam üst-üstə düşmür. Buna görə hər bədirlənmiş Ay zamanı üç göy cisminin tutulma yaradacaq şəkildə eyni xətt üzərində yerləşməsi mümkün olmur.

Astronomlar bu hərəkətləri dəqiq hesablayaraq tutulmaların tarixini, başlanma və başa çatma vaxtını əvvəlcədən müəyyən edə bilirlər. Buna görə avqustun 28-dəki hadisənin mərhələləri saniyəsinə qədər proqnozlaşdırılıb. Lakin hesablanan vaxt həmin hadisənin bütün ölkələrdən görünəcəyi anlamına gəlmir. Müşahidəçinin yerləşdiyi coğrafi mövqe nəticəyə birbaşa təsir edir.

Tam Ay tutulmaları zamanı Ayın qırmızımtıl və ya mis rəngində görünməsi də tez-tez diqqət çəkir. Bu görüntü Günəş işığının Yer atmosferindən keçməsi və onun müəyyən hissəsinin Ayın səthinə çatması ilə əlaqədardır. Qeyd olunan tarixdə isə Azərbaycandan tam tutulma müşahidə edilməyəcəyinə görə belə parlaq rəng dəyişikliyi gözlənilmir.

Hadisəni izləmək istəyənlər üçün əsas məqam vaxtdır. Saat 05:23-dən etibarən Ayın yarımkölgəli sahəyə daxil olması ilə tutulma başlayacaq. Təxminən 05:55-də Ay batacağından müşahidə imkanımız başa çatacaq. Maksimum mərhələni görmək üçün isə artıq gec olacaq: Həmin vaxt Ay Azərbaycan səmasında olmayacaq.

Nigar Orucova, "İki sahil"