20 avqust 2026 11:35
89

Hava dəyişir, meteohəssaslıq artır: Kimlər daha çox diqqətli olmalıdır?

Kardioloq: Orqanizmin hava dəyişikliklərinə reaksiyasına temperaturla yanaşı, rütubət, külək, fiziki aktivlik, maye qəbulu və insanın mövcud ürək-damar vəziyyəti də təsir göstərir

Son günlər havanın temperaturunda və atmosfer təzyiqində müşahidə olunan dəyişikliklər meteohəssaslıq məsələsini yenidən gündəmə gətirir. Hava şəraitinin dəyişməsi bəzi insanlarda baş ağrısı, halsızlıq, təzyiq dəyişiklikləri və ümumi narahatlıq yarada bilər. Xüsusilə ürək-damar xəstəlikləri olan şəxslər belə dəyişikliklərə daha həssas reaksiya verə bilirlər. Temperaturun kəskin enib-qalxması, havanın həddindən artıq isti və ya soyuq olması, eləcə də atmosfer təzyiqindəki dəyişikliklər orqanizmin fizioloji tarazlığına təsir göstərə bilər. Bəs meteohəssaslıq nə dərəcədə real tibbi problemdir və hava dəyişdikdə ürək-damar sistemində hansı proseslər baş verir?

Soyuq hava ürəyin yükünü niyə artırır?

Kardioloq - Dr. Könül Səfərova “İki sahil”ə açıqlamasında bildirdi ki, temperaturun və atmosfer təzyiqinin kəskin dəyişməsi ürək-damar sisteminə təsir göstərə bilər. Bu təsir xüsusilə hipertoniya, ürək çatışmazlığı, koronar arteriya xəstəliyi və ritm pozğunluğu olan insanlarda daha nəzərəçarpan ola bilər.

Temperaturun kəskin dəyişməsi zamanı soyuq və isti havada orqanizmdə fərqli fizioloji reaksiyalar baş verir. Soyuq havada damarlar daralır və nəticədə arterial təzyiq yüksələ bilər. Ürəyin yükü və oksigenə tələbatı artır. Eyni zamanda qanın laxtalanmaya meyli də arta bilər. Bütün bunlar bəzi insanlarda stenokardiya, infarkt, insult və ürək ritminin pozulması riskini yüksəldə bilər.

İstidə əsas təhlükə yalnız yüksək temperatur deyil

Çox isti havada isə damarlar genişlənir, tərləmə nəticəsində orqanizm maye və elektrolit itirir. Bu zaman ürək döyüntüləri sürətlənə, ürəyin yükü arta bilər. Susuzlaşma qanın qatılaşmasına səbəb olaraq bəzi ürək-damar hadisələrinin riskini də yüksəldə bilər.

Maraqlıdır ki, böyük tədqiqatların ümumi nəticələri temperaturla ürək-damar riski arasında U-şəkilli əlaqənin olduğunu göstərir. Yəni həm həddindən artıq soyuq, həm də həddindən artıq isti hava ürək-damar sistemi üçün əlavə risk yarada bilər.

Təzyiq dəyişəndə ürək ağrısı mütləq havadan olmur

Atmosfer təzyiqinin dəyişməsinin ürək-damar xəstəliklərinə təsiri isə temperatur qədər geniş və dəqiq öyrənilməyib. Bu sahədə araşdırmaların nəticələri daha qeyri-müəyyəndir. Bununla belə, bəzi tədqiqatlarda atmosfer təzyiqindəki dəyişikliklərlə ürək çatışmazlığı və insult kimi hadisələr arasında əlaqə müşahidə olunub. Məsələn, bəzi araşdırmalarda atmosfer təzyiqinin azalmasının ürək çatışmazlığı səbəbilə təcili tibbi yardıma müraciətlərin artması ilə əlaqəli olduğu göstərilib.

Burada vacib məqam ondan ibarətdir ki, “hava təzyiqi düşdü və buna görə mütləq ürəyim ağrıyır” demək düzgün deyil. Orqanizmin reaksiyasına temperatur, rütubət, külək, fiziki aktivlik, maye qəbulu və insanın mövcud ürək-damar vəziyyəti də daxil olmaqla bir sıra amillər birlikdə təsir göstərir.

Kimlər daha çox risk altındadır?

Hava şəraitindəki kəskin dəyişikliklərə daha həssas olan qruplar sırasında yaşlı insanlar, hipertoniya xəstələri, koronar ürək xəstəliyi və ürək çatışmazlığı olan şəxslər, ritm pozğunluğundan əziyyət çəkənlər, həmçinin əvvəllər infarkt və ya insult keçirmiş insanlar yer alır.

Belə şəxslər hava şəraiti kəskin dəyişdikdə arterial təzyiqlərini daha müntəzəm ölçməli, kifayət qədər maye qəbul etməli, həddindən artıq isti və soyuqdan qorunmalı və həkim tərəfindən təyin olunan dərmanların dozasını özbaşına dəyişməməlidirlər. Mövsümi dəyişikliklər bəzi hipertoniya xəstələrində arterial təzyiqin dəyişməsinə səbəb ola bilər və bu halda müalicənin həkim tərəfindən yenidən qiymətləndirilməsi tələb oluna bilər.

Eyni zamanda, bəzi əlamətləri yalnız hava dəyişməsi ilə əlaqələndirmək olmaz. Sinədə sıxılma və ya ağrı, nəfəs darlığı, soyuq tər, qəfil və güclü halsızlıq, huşun pozulması, eləcə də ağrının qola və ya çənəyə yayılması kimi hallar ciddi ürək-damar probleminin əlaməti ola bilər. Belə vəziyyətlərdə vaxt itirmədən təcili tibbi qiymətləndirmə aparılmalıdır.

Nigar Orucova, "İki sahil"