05 oktyabr 2026 16:45
108

Efiopiyada yeni müvəqqəti administrasiya yaradılacaq

Efiopiya hakimiyyəti Tiqray bölgəsində yeni müvəqqəti administrasiya yaratmağa və bir neçə ay ərzində orada regional seçkilər keçirməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə dövlət agentliyi "ENA"-ya istinadla Tiqrayın müvəqqəti administrasiyasının keçmiş rəhbəri Abraham Belay məlumat verib.

Onun sözlərinə görə, federal hökumət Tiqray sakinlərinin bölgəni müstəqil şəkildə idarə etməsinə imkan verəcək və sülh ilə sabitliyin bərpasına töhfə verməli olan yeni inzibati strukturun yaradılması istiqamətində iş aparır. Yeni idarəetmə orqanlarının yerli sakinlərin birbaşa iştirakı ilə aşağı inzibati vahid olan kebele səviyyəsindən başlayaraq formalaşdırılması planlaşdırılır.

Belay qeyd edib ki, keçid dövrünün başa çatmasına hazırlıq işləri sürətləndirilir, regional seçkilərin isə bir neçə ay ərzində keçirilməsi nəzərdə tutulur. O, həmçinin bildirib ki, Efiopiya Silahlı Qüvvələri bölgədəki qanunsuz silahlı birləşmələrə qarşı əməliyyatları davam etdirir.

Bəyanat Tiqrayın paytaxtı Məkələ şəhərinin hökumət qoşunlarının və onların müttəfiqlərinin nəzarətinə keçməsindən sonra səslənib.