23 avqust 2026 10:12
120

Qazaxıstanda Qurultaya seçkilərin ilkin seçici fəallığı açıqlanıb

Qazaxıstanda Qurultay deputatlarının seçkilərində yerli vaxtla saat 10:00-a 2 milyon 264 min 411 nəfər səs verib. İlkin seçici fəallığı 17,96 faiz təşkil edib.

“İki sahil” Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, seçici siyahılarına 12 milyon 605 min 788 nəfər daxil edilib.

Mərkəzi Seçki Komissiyası seçici fəallığına dair operativ məlumatları hər iki saatdan bir açıqlayacaq.

Xatırladaq ki, Qazaxıstanda ölkə tarixində ilk dəfə yeni birpalatalı parlamentə - Qurultaya seçkilər keçirilir. Seçicilər 7 siyasi partiyanın siyahıları üzrə Qurultayın 145 deputatını seçəcəklər. Deputatların səlahiyyət müddəti 5 ildir.

Səsvermə 10 min 423 seçki məntəqəsində, o cümlədən Qazaxıstanın 61 xarici dövlətdəki nümayəndəlikləri nəzdində yaradılmış 79 məntəqədə təşkil olunub.