24 avqust 2026 22:12
120

Dünya okeanlarında temperatur rekord həddə çatıb

Dünya okeanlarının səth temperaturu müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, mütəxəssislər bunu insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyi və güclənən “El-Nino” hava hadisəsinin təsiri ilə əlaqələndirirlər. Avropanın “Copernicus” İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, avqustun 22-də qütb bölgələri istisna olmaqla dünya okeanlarının səthində orta temperatur 21,1 dərəcə isti təşkil edib.

Bu göstərici 2024-cü ilin martında üç ayrı gündə qeydə alınmış 21,09 dərəcəlik əvvəlki rekordu üstələyib. Eyni zamanda, hazırkı temperatur ilin bu dövrü üçün orta göstəricidən xeyli yüksəkdir. Alimlər bildirirlər ki, okeanların istiləşməsi ekstremal hava hadisələrinin daha da güclənməsinə, dəniz səviyyəsinin yüksəlməsinə və dəniz ekosistemlərinə ciddi zərər dəyməsinə səbəb ola bilər.

“Copernicus” İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samanta Börcess bildirib ki, yeni rekord okeanların getdikcə artan təzyiq altında olduğunu göstərən daha bir aydın siqnaldır. Onun sözlərinə görə, “El-Nino” qlobal iqlim sisteminə əlavə istilik gətirsə də, bu proses insan fəaliyyəti nəticəsində onilliklər ərzində davam edən istiləşmənin fonunda baş verir.