30 avqust 2026 23:51
94

"Bloomberg": Levittin vəzifədən getməsi Tramp administrasiyası üçün gözlənilməz olub

Ağ Evin mətbuat katibi Kerolayn Levittin vəzifədən getməsi ABŞ Prezidenti Donald Trampın administrasiyasının bir hissəsi üçün gözlənilməz olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, aralıq seçkiləri ərəfəsində kadr dəyişikliklərinin adi təcrübə olmasına baxmayaraq, Levittin vəzifədən getmək qərarı "Ağ Evdə bəzilərini qəfil yaxalayıb".

Tramp hələlik ona əvəzedici axtarmağa tələsmir. Yeni mətbuat katibi təyin edilənə qədər brifinqlərin Prezident kabineti üzvlərinin iştirakı ilə keçirilməsi planlaşdırılır. Analoji təcrübə bu ilin əvvəllərində, Levitt ikinci övladının doğulması ilə əlaqədar müvəqqəti olaraq işdə olmadığı zaman da tətbiq edilib.

Son vaxtlar administrasiyanın bir neçə digər yüksəkrütbəli əməkdaşı, o cümlədən milli təhlükəsizlik üzrə köməkçinin müavini Endi Beyker və Ağ Evin qanunvericilik məsələləri üzrə direktoru Ceyms Breyd də istefa verdiklərini açıqlayıblar.

"Bloomberg" qeyd edir ki, ardıcıl istefalar Tramp administrasiyasında kadr vakuumu yaradar, gedən məmurlar üçün əvəzedicilərin axtarışı isə asan məsələ olmaya bilər.

Agentliyin məlumatına görə, administrasiyanın daha yüksəkrütbəli nümayəndələri də qarşıdakı bir neçə ay ərzində vəzifədən getmək ehtimalını nəzərdən keçirirlər.