31 avqust 2026 00:36
86

Merts Leypsiqdəki PUA insidenti ilə bağlı cavab hazırlandığını bildirib

Almaniya hökuməti Leypsiq/Halle hava limanında aşkar edilmiş pilotsuz uçuş aparatı ilə bağlı insidentin istintaqını yekunlaşdırır və yaxın günlərdə cavab tədbirləri barədə elan edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts ARD telekanalına müsahibəsində bildirib.

"Biz artıq istintaqı yekunlaşdırırıq. Almaniya hökumətində məhz necə cavab verəcəyimizlə bağlı geniş razılıq əldə olunub. Yaxın günlərdə biz bu barədə tamamilə aydın şəkildə bəyan edəcəyik", - Merts insident və Rusiyanın bu işdə ehtimal edilən iştirakı ilə bağlı sualı cavablandırarkən bildirib.

Kansler qeyd edib ki, Almaniyanın cavab tədbirləri Avropa İttifaqı (Aİ) və NATO ilə razılaşdırılacaq.

"Bu, Almaniya tərəfindən bir cavab olacaq, lakin Aİ və NATO üzrə tərəfdaşlarımız üçün sürpriz olmayacaq", - Merts bildirib və əlavə edib ki, tərəfdaşlarla yekun koordinasiya yaxın günlərdə baş tutacaq.