31 avqust 2026 13:17
110

MKİ ilə bağlı şirkət Almaniya dron istehsalçısına ABŞ bazarına çıxmağa kömək edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə bağlı olan "In-Q-Tel" (IQT) investisiya şirkəti Almaniyanın "Quantum-Systems" dron istehsalçısına ABŞ bazarına çıxmağa və MKİ ilə FTB-dən sifarişlər almağa kömək edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Quantum-Systems"in rəhbərlərindən biri Sven Kruk "Reuters" agentliyinə müsahibəsində bəyan edib ki, amerikalı investorlarla əməkdaşlıq ABŞ-də MKİ və FTB-dən olan müştərilərlə işə başlamağı asanlaşdırıb.

Kruk ABŞ xüsusi xidmət orqanları ilə müqavilədən əldə olunan gəlirin yüksək olmadığını, lakin sövdələşmənin özünün "Quantum"a olan etimadı möhkəmləndirməyə kömək etdiyini qeyd edib. Bu şirkət Avropadakı ən böyük müdafiə startaplarından biridir və onun dəyəri təxminən 8 milyard dollar qiymətləndirilir.

Bununla belə, Avropa Parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman bildirib ki, şirkətin ABŞ xüsusi xidmət orqanları ilə əlaqəsi səbəbindən IQT-yə adi investor kimi yanaşmaq olmaz. "IQT sadəcə maliyyə investoru deyil, şirkət ABŞ xüsusi xidmət orqanları üçün qabaqcıl texnologiyalara çıxışı təmin edir", — deyə o əlavə edib.

Almaniyanın Müdafiə Nazirliyindən də bildirilib ki, səhmdarlar müdafiə şirkətlərinin fəaliyyətinə, texnologiyalarına və tədqiqatlarına müdaxilə etməməlidirlər.