03 sentyabr 2026 21:17
50

Maaş artımı tibb işçilərinin sosial müdafiəsini gücləndirəcək -  RƏY

Dövlətin hər bir vətəndaşın sağlamlığına verdiyi mühüm dəyər, səhiyyə sektorunun davamlı modernize olunması və bu sahədə çalışan mütəxəssislərin sosial rifahının yüksəldilməsi günümüzün əsas prioritetlərindən biridir. Səhiyyə sisteminin gücləndirilməsinə yönələn ardıcıl islahatlar yalnız tibbi xidmətlərin keyfiyyətini artırmır, həm də insan kapitalına edilən ən dəyərli investisiyaya çevrilir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan 72 212 tibb işçisinin əməkhaqqı fondunun illik 189 milyon manat artırılması tibb heyətinin sosial təminatının yaxşılaşdırılmasına xidmət edən mühüm qərardır. Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi tapşırıqlar dövlətin səhiyyənin inkişafına, tibb işçilərinə və onların ailələrinə göstərdiyi diqqət və qayğının növbəti əyani göstəricisidir. Bu addım təkcə maaşların artırılması mənasını daşımır, eyni zamanda səhiyyə sahəsinin uzunmüddətli və sabit inkişafına, yəni insan kapitalına qoyulan dəyərli səmərələr sırasındadır. Həkimlər və tibb heyəti öz vəzifələrini icra edərkən sosial qayğılar və maddi narahatlıqlar yaşamamalıdırlar. Tibb işçilərinin rifahının və sosial təminatının yüksəldilməsi onların işə olan həvəsini və məsuliyyətini daha da gücləndirəcək ki, bu da birbaşa pasiyentlərə göstərilən tibbi xidmətlərin səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq.

Deputat diqqətə çatdırıb ki, maaşların yüksəldilməsi, eyni zamanda, səhiyyə sistemindəki mütəxəssis qıtlığının həlli və iş bölgüsünün daha balanslı aparılması baxımından da böyük əhəmiyyət kəsb edir. Xüsusilə də rayonlarda tibbi xidmətlərin hər kəs üçün əlçatan olmasını təmin etmək məqsədilə kadr bazasının sağlamlaşdırılması önəmli faktordur. İlkin səhiyyə sahəsində aparılan təhlillər göstərir ki, hazırda təxminən 1500 nəfərlik əlavə tibb heyətinə ehtiyac var. Bu baxımdan, əməkhaqqı artımı tibb mütəxəssislərinin regionlarda fəaliyyət göstərməsini stimullaşdıracaq və onlar üçün daha cəlbedici şərait formalaşdıracaq. Digər vacib məsələ isə təcrübəli kadrların xaricə və ya alternativ sahələrə axınının qarşısını almaqdır. Dövlət xəstəxanalarında maaşların və sosial imkanların yaxşılaşdırılması özəl tibb müəssisələri ilə rəqabətdə dövlət səhiyyəsini daha üstün mövqeyə çıxaracaq. Bu addım xüsusilə gənc həkimlərin ölkə hüdudları daxilində qalmasını təmin edəcək və onların öz potensialını məhz yerli səhiyyənin tərəqqisinə sərf etməsinə gətirib çıxaracaq.

K.Bayramov vurğulayıb ki, maaş artımı, həmçinin tibb təhsilinə marağın yüksəlməsinə və bu sahəyə daha çox gəncin yönəlməsinə zəmin yaradacaq. Görülən bu tədbirlər gənc nəslin həkimlik və digər tibbi ixtisaslara yönəlməsini həm sosial təminat, həm də karyera baxımından daha cəlbedici edəcək. Eyni zamanda, cəmiyyət arasında tibb işçilərinin nüfuzunun artmasına və onların zəhmətinə layiqincə dəyər verilməsinə xidmət göstərəcək. Atılan bu addım ölkəmizdə insan kapitalına ayrılan xüsusi diqqətin bariz göstəricisidir. Səhiyyə strukturunun gücü təkcə müasir xəstəxana binaları və modern texniki avadanlıqlarla deyil, ilk növbədə öz işinə həvəslə yanaşan, savadlı və sosial cəhətdən tam təmin olunmuş tibbi heyətlə müəyyən edilir.
K.Bayramov əlavə edib ki, həyata keçirilən bu islahatların ardıcıl xarakter alması və gələcək mərhələlərdə digər tibbi heyət kateqoriyalarını da əhatə etməsi səhiyyə sahəsində kadr bazasının daha da möhkəmlənməsinə ciddi təkan verəcək. Bu nöqteyi-nəzərdən, qəbul olunan son qərarı həm tibb personalına göstərilən ali dövlət qayğısının, həm də ölkədə aparılan səhiyyə islahatlarının sistemli şəkildə davam etdirilməsinin bariz göstəricisi kimi dəyərləndirmək olar.