01 oktyabr 2026 11:19
115

Modi yaralanmış hindistanlı pilotu qəhrəman adlandırıb

Hindistan hökumətinin başçısı Narendra Modi BƏƏ-nin "Flydubai" aviaşirkətinin təyyarəsinin göyərtəsində yaralanmış Hindistan vətəndaşı, pilot Smit Maçxarı qəhrəman adlandırıb və ölkəsinin onunla fəxr etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb

"Kapitan Smit Maçxar əsl qəhrəmandır. Çox ciddi təhlükə qarşısında və ağır yaralanmasına baxmayaraq, o, başqalarının həyatını qorumaq üçün böyük cəsarət və sarsılmaz iradə nümayiş etdirdi. Onun igidliyi yüzlərlə insanın həyatını xilas etməyə və böyük faciənin qarşısını almağa kömək etdi", – deyə o, yazıb.

Modi vurğulayıb ki, Hindistan Maçxarla fəxr edir və ona tezliklə sağalmağı arzulayıb.

Bundan əvvəl Hindistanın Ər-Riyaddakı səfirliyi Maçxarın sağlamlıq vəziyyətinin stabil qiymətləndirildiyini bildirmişdi. O, hazırda Səudiyyə Ərəbistanının şimal-qərbindəki Təbük şəhərində xəstəxanadadır.

Maçxar Dubaydan Təl-Əvivə uçan reysin heyət komandiri olub. Uçuş zamanı ikinci pilot ona bıçaq xəsarəti yetirib və bu səbəbdən Səudiyyə Ərəbistanının hava limanında təcili eniş edilib.