01 oktyabr 2026 13:29
101

ABŞ İraqa zərbələr endirilməsini istisna etmir

Amerika hərbi qüvvələri "Sarsılmaz qətiyyət" əməliyyatı başa çatdıqdan sonra belə İraq ərazisinə zərbələr endirilməsini istisna etmirlər.

“İki sahil” xəbər verir ki, bu barədə The Washington Post qəzeti amerikalı rəsmi şəxsə istinadla məlumat yayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, missiya Suriya ərazisindəki yaraqlılarla mübarizə aparmaq üçün İordaniyaya köçürüləcək. Rəsmi şəxs qeyd edib ki, ABŞ amerikalı hərbçilər və ya Vaşinqtonun maraqları üçün təhlükə yaranacağı təqdirdə İraqa məhz həmin yerdən zərbələr endirə biləcək.

Bundan əvvəl Pentaqon ABŞ və müttəfiqlərinin İraqda "Sarsılmaz qətiyyət" əməliyyatını rəsmən başa çatdırdığını elan etmişdi. Respublikanın baş naziri Əli əz-Zeydi öz növbəsində vurğulamışdı ki, koalisiya qüvvələrinin çıxarılması "terrorizmlə mübarizənin başa çatması demək deyil", lakin "Bağdadın ölkənin təhlükəsizliyi və sabitliyi üçün özünün cavabdeh olacağı mərhələyə keçidi qeyd edir".