04 oktyabr 2026 18:41
99

Cəbrayıl Şəhəri Günü münasibətilə bir sıra tədbirlər keçirilib

Cəbrayıl Şəhəri Günü münasibətilə uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri, yaradıcılıq sərgisi, kukla teatrı tamaşası və sakinlər üçün təntənəli konsert proqramından ibarət tədbir təşkil olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Şəhər günü çərçivəsində uşaqların hazırladığı rəsm və digər əl işlərindən ibarət yaradıcılıq sərgisi, həmçinin iştirakçılar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib. Səyyar Kukla Teatrı tərəfindən uşaqlar üçün tamaşa təqdim olunub. Şəhər sakinləri və qonaqlar üçün təşkil edilən təntənəli konsert proqramında Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və rəqs ansamblı çıxış edib. Proqram çərçivəsində Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar, eləcə də Azərbaycan milli rəqsləri təqdim olunub. Cəbrayıl Şəhəri Günü tədbiri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.