05 oktyabr 2026 11:02
112

Ölkəmizin uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi, partiyanın qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.

Prezident İlham Əliyev YAP-ın VIII qurultayında onu da qeyd etdi ki, qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoydu, eyni zamanda, bölgədə yeni reallıqlar yaratdı.  O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir.

İkinci Qarabağ müharibəsi  şanlı tariximizdir. Cənab İlham Əliyev bu çağırışı etdi ki, 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır. Çünki birinci növbədə yeni bir presedent yaranmışdır və  bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik: “Sirr deyil ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox. İkinci Qarabağ müharibəsi başlanan gündən 44 gün ərzində bizə qarşı böyük təzyiqlər göstərilmiş, hədə-qorxular səsləndirilmişdir - həm açıq müstəvidə, eyni zamanda, bağlı qapılar arxasında. Ancaq heç kim bizi yolumuzdan döndərə bilmədi”.

  Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb etdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi.  Azərbaycan ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər.

 Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. “Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi” deyən cənab İlham Əliyev vurğuladı ki, biz bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində biz bir gün də istirahət etmədik. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik: “Həm siyasi müstəvidə ki, bizə qarşı olan ermənipərəst ölkələr öz çirkin əməllərinə nail olmasınlar, beynəlxalq təşkilatlarda çox ciddi beynəlxalq maarifləndirmə kampaniyası aparmışdıq və torpaqda. Həm Qarabağ bölgəsində öz strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırdıq və bir neçə uğurlu hərbi əməliyyat keçirilmişdir. Bu əməliyyatlar çox qısamüddətli idi, belə də olmalı idi, sadəcə olaraq, 20 Sentyabrı şərtləndirmək və az itkilərlə istədiyimizə nail olmaq üçün lazımi addımlar atılmışdır”.

Suverenliyimizin bərpası ilə Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açıldı. Bu mərhələdə əsas vəzifələrdən biri əldə edilmiş tarixi nəticələrin qorunması, təhlükəsizlik imkanlarının və hərbi potensialın daha da gücləndirilməsi, xarici siyasət uğurlarımızın miqyasını daha da genişləndirməkdir. Daim çoxtərəfliliyin tərəfdarı olan Azərbaycan əməkdaşlıq məkanı kimi tanınır. Ölkəmizin ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələri uğurla inkişaf edir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında Azərbaycanın xarici siyasət uğurlarından geniş bəhs edərək bir daha bu çağırışı etdi ki, xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi: “O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kimə qarşı müharibə aparmışıq. Ermənistanın arxasında onlar dayanmışdılar və bu gün də dayanırlar, hərə öz bildiyi formada. Ona görə biz həm Qələbəmizlə fəxr edirik, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik. Ona görə bu da ideoloji təxribatlara qarşı ciddi bir maneədir. Əlbəttə ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır”.

Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da etdi ki, ideoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun.

Zamir Güvəndiyev,
​YAP Şəmkir rayon təşkilatının sədri